Ədalət Verdiyev: “Bizim üçün dəhliz artıq açıqdır”

“Zəngəzur dəhlizi ilə bağlı fikrimi bölüşdükdən sonra ötən vaxt ərzində gələn reaksiyalara nəzər yetirdikdən sonra belə qənaətə gəldim ki, bir çox dostlar yazdığımı birmənalı başa düşərək bundan çox uzaqgedən nəticələr çıxarıblar.

Bir daha xatırlatmaq istəyirəm ki, mən ümumilikdə Zəngəzur haqda deyil, dəhliz haqqında fikir bildirmişəm. Çünki biz onsuzda Zəngəzurdayıq, Şərqi Zəngəzur 44 günlük müharibə zamanı işğaldan azad olundu və Azərbaycanın nəzarətinə qayıtdı.

Qərbi Zəngəzura gəldikdə, Azərbaycan dəfələrlə bəyan edib ki, bu tarixi ərazilərimizlə bağlı hər hansı iddiası yoxdur. Cənab Prezident də deyib ki, biz ora sülh şəraitində qayıdacağıq.

Ermənistan hakimiyyəti ictimai rəyi sakitləşdirmək üçün hər hansı dəhlizdən söhbət getmədiyini deyə bilər. Ancaq Paşinyan hakimiyyəti özü də yaxşı başa düşür ki, bu, onun söz sahibi olduğu məsələ deyil.

Mən bunu bilirəm, buna əminəm və şübhə üçün heç bir əsas da görmürəm. Zəngəzur dəhlizinin hava komponenti çoxdan açılıb və artıq hava dəhlizindən istifadə edirik. Dəmir yolunun açılmasına da Paşinyan etiraz etməyib. Noyabrın 16-da baş verən irimiqyaslı erməni təxribatlarından sonra Azərbaycan Ordusunun möhkəmləndiyi strateji yüksəkliklərdən Qarakilsə istiqamətində əldə etdiyimiz taktiki üstünlüyümüz danılmazdır. Bizim üçün ayağı yüngül olan S.Peqovun Qarakilsədə peyda olmasını təsadüfi hesab edə bilmərəm. Seperatçıların rəhbəri tərəfindən səsləndirilən son bəyanat isə onların noyabrın 16-dan sonra baş verən hadisələrdən nə qədər narahat olduqlarını nümayiş etdirir. Rusiya da kommunikasiyaların açılması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Azərbaycan isə Zəngəzur dəhlizinin açılması üçün bütün səylərini səfərbər edib. Mən qəti əminəm ki, Ermənistan istəsə də, istəməsə də, dəhliz ən yaxın zamanda reallaşacaq. Çünki bu məsələdə tək Azərbaycan yox, region və daha uzaq coğrafiyada yerləşən ölkələr də maraqlıdır.

Bizim üçün dəhliz artıq açıqdır. Bu istiqamətdə artıq ciddi nailiyyətlərimiz də mövcuddur. Nailiyyətlərimiz və dəhliz barədə deyə biləcəyim hələlik bu qədərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir