Ehtiyatda olan zabitlərin problemləri ilə bağlı sosial şəbəkələrdə müraciəti yayılan Qarabağ müharibəsi veteranı, ehtiaytda olan kapitan, hərbi jurnalist Şöhrət Eyvazovla əlaqə saxladıq. Müsahibəni təqdim edirik.
– Mümkünsə, paylaşımızında dediyiniz məsələlər haqqında ətraflı danışaq.
– Paylaşımımda əsas diqqəti müxtəlif dövrlərdə Silahlı Qüvvələrimzdən ehtiyata buraxılan hərbçilərin problemlərinə çəkmək istəmişəm. Axı, dövlətin onurğa sütunu ordudur, ordunun “qızıl fondu” isə ehtiyatda olan zabitlərdir. Deyirlər ki, “Zabit həmişə sıradadır”. Bunu biz II Qarabağ müharibəsində də gördük. Yüzlərlə ehtiyatda olan hərbçinin gənc əsgərlərin yanına, cəbhə xəttinə can atdığına, ən azından mənəvi-psixolji hazırlığına dəstək olmalarına hamımız şahidik. Digər tərəfdən bu xidmətdə olan zabit ehtiyata buraxılan zabitə olan münasibətə baxıb gələcəkdə onu nə gözlədiyini anlayır. Unutmayaq ki, hərbi fəaliyyəti mülkü işlə heç bir halda eyniləşdirmək olmaz. Yəni, xidmətdə olan və ehtiyata buraxılan hərbi qulluqçunun pensiya təminatı, ev problemi, tibbi təminatı yüksək səviyyədə qarşılanmalıdır.
Təəssüf ki, bu sahadə, yumşaq desək, boşluqlar vardır. Bir misal çəkim, 26 iyun-Silahlı Qüvvələr Günü ərəfəsində Milli Məclisə qəbul edilən qərarla hərbçilərin məvacibi, veteranların təqaüdü deyil, deputatların maaşı qaldırıldı. Əlbətdə, onların maaşının yüksək olmasına heç kim etiraz eləmir. Sadəcə, tənasüb qorunmalıdır. Məsələn, son artımdan sonra ölkəmizdə deputatın maaşı veteran təqaüdündən təxminən 31 dəfə çox oldu. Yəni, deputatın 1 günlük maaşı Qarabağ veteranın 1 aylıq təqaüdünə bərabər oldu. Ordumuzun Türkiyə modelinə keçməsi davam edir. Paralel olaraq, hərbçilərin sosial müdafiəsi də Türkiyə modelinə uyğunlaşdırılmalıdır, deyilmi? Müqayisə üçün deyim ki, qardaş ölkədə müharibə veteranının (onlar doğru olaraq veterana müharibə qazisi, əlilə isə məlul qazi deyirlər) aylıq maaşı deputatın maaşından cəmi 6 dəfə azdır. Demək ki, iki ölkə arasında 5 dəfə fərq ortada.
– Sizin müraciətinizi fərdi hesab etmək olar, yoxsa?
– Xeyir, mən öz problemlərimi sadalamaqla diqqəti döyüş yoldaşlarımın, Qarabağ veteranlarının problemlərinin üzərinə çəkmək istəyirəm. Məsələn, mən 13 ildi ev növbəsindəyəm. Ehtiyatda Olan Zabitlər Konfedarsiyasının Bərdə şəbəsinin sədri ehtiyatda olan mayor Şamil Abdullayev isə 2004-ci ildən mənzillə təmin olunacağını gözləyir. Təqaüd yaşı çatmasına baxmayaraq, 15 min manatadək yığılmış pensiya kapitalı hərbi təqaüdünün üzərinə əlavə edilməyib. Baxmayaraq ki, Əmək və Əhalisin Sosial Müdafiəsi nazirliyinə ərizə ilə müraciət edib. Mənim pensiya kapitalımda isə, 45 min manat yığılıb. Nə vaxt alacağımız məlum deyil. Demək ki, bu növbələr və yığılan pensiya kapitalı virtualdır? Axı, biz real müharibədə iştirak eləmişik.
– Paylaşımınzda ehtiyata buraxılandan sonra jurnalist fəaliyyətindən də danışmısınız.
– Bəli, 15 ili cəbhə bölgəsində olmaqla 20 illik jurnalist stajım var. 2 müharibə iştirakçıyam. I Qarabağ savaşında hərbi, Aprel döyüşlərində və 44 günlük savaşda isə İnformasiya cəbhəsində bacardığımı eləmişəm. 1993-cü ildən 5 illik fasilə ilə bəzilərinin “cərimə bölgəsi” hesab etdikləri, əslində ŞƏRƏF bölgəsi olan Qarabağ bölgəsindəyəm. Dövlət başçısı, Ali Baş Komandan fəaliyətimi yüksək qiymətləndirib. Ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” , “Silahlı Qüvvələrin 90 illiyi” və “Azərbaycan Ordusnun 100 illiyi” medalları ilə təltif olunmuşam. II Qarabağ müharibəsindən sonra isə “TÜRKSOY” Media Mukafatına layiq görüldüm. Təəssüf ki, jurnalsitlərə ev veriləndə mənə məlum olmayan səbəblərdən kənarda qaldım. Amma, ümid edirdim ki, burda Qarabağ müharibəsi veteranlarına üstünlük veriləcək. Hələ Prezidentin sərəncamıyla tikilən 3-cü binanın da aqibəti tam məlum deyil. Ümidimiz var ki, ən azından bu dəfə müharibə veteranlarına, cəbhə jurnalistlərinə, eləcə də İnformasiya müharibəsində xüsusi xidmətləri olanlara üsütünlük veriləcək.
– Təkliflərinizi eşitmək istərdik.
– Amerikada olduğu kimi Veteranlar Nazirliyi və ya Veteranlarla iş üzrə Dövlət komitəsi yaradılmalıdır. Veteranların qeydiyyatı, sığorta, tibb, məşğullluq, bərpa, mənzil problemləri necə deyirlər, “Vahid pəncərə” sistemi ilə həll edilməlidir. Düzdür, ötən il icra hakimiyyətində xüsusi şöbə yaradılıb. Amma, onun demək olar ki, heç bir təsir mexanizmi yoxdur. Bir fakt deyim, ehtiyata buraxılan zabit dostumu həmin şöbələrdən birinə işə götürüblər. Bir neçə ay sonra, qanunsuz olaraq, pensiyası azalıb. Hələ də bərpa edə bilmir.
– Söhbəti nikbin notlarla yekunlaşdırmaq istərdik.
– Umümmilli lider Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycanda hər peşə şərəflidir, amma Vətəni qorumaq ən şərəfli peşədir”. Mən də bu yolu keçənlərin və davam edənlərin hər birinə cansağılığı və uğurlar arzu edirəm. Var olsun, Ordu-Xalq birliyi!
Şair Abdulla