ISESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu barədə ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından bildirilib.
Təşkilatın yaydığı açıqlamada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son inkişaf dinamikasından, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlıq ifadə olunur.
Bildirilir ki, ICESCO münaqişə tərəflərini son dərəcə təmkinli davranmağa, dialoqa və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla, bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş qərarlara əməl etməyi zəruri sayır.
ISESCO həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini Ermənistana xatırladaraq tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə, beynəlxalq humanitar yardımın bölgəyə maneəsiz daxil olmasına imkan verməyə və region ölkələri arasında barışıq, mehriban qonşuluq və konstruktiv əməkdaşlığı möhkəmləndirməyə çağırır.
Mirmehdi Ağaoğlu / APA