Vətən Müharibəsində Qələbəmiz prezident İlham Əliyevin 2019-cu ildə həyata keçirdiyi yeni hakimiyyət quruculuğu siyasətinin doğru olduğunu sübut etdi. Əks halda qələbə qazanmaq çətin olardı. İndi düzgün idarəetmənin ən böyük ünvanı Qarabağ və xilas edilmiş torpaqlarımız olmalıdır. Qarabağın hər yerində təmiz, peşəkar, vətənpərvər, eləcə də güclü siyasi təfəkkürə və dərin intellektə malik şəxslərin hakimiyyət orqanlarında təmsil olunması, şəffaf və dürüst idarəçiliyin nümunəyə çevrilməsi keçmişdə işğala səbəb olan tarixi səhvlərin bir daha təkrarlanmamasının zəmanətidir.Biz Şəhid qanları üzərində Vətənin yenidən qurulduğunu heç vaxt unutmamalıyıq!
Göründüyü kimi, azad olunan torpaqlara bütün dövlət strukturları ilə birgə qayıdırıq. Bəli, torpaq, xalq və hakimiyyət həmişə bir yerdə olmağı tələb edir. Artıq ilk quruculuq işlərinə-Yeni Yolun inşasına başlanılıb. Biz inanırıq ki, Qarabağa gedən yollar iki dəfə daha uzunömürlü, iki dəfə daha abad və halal olması üçün hər kəs canı dildən çalışacaq. Bizi Qələbəyə aparan yolları elə qurmalıyıq ki, “Laçın dəhlizi” ifadəsi yox olsun, içimizdə yeni sərhəd, təmas xətti yaratmaq və bir neçə gün əvvəl olduğu kimi təzədən döyüş meydanı yaratmaq istəyənlərin planı iflasa uğrasın və Qarabağın bütün arteriyaları yenidən Azərbaycanla birləşsin!
Biz yüz minlərlə soydaşımızı Qarabağın təhsil həyatına cəlb edərək o müqəddəs məkanda ən güclü məktəblərimizi-universitetlərimizi qurmalı, qabaqcıl alim və ziyallarımızı ora toplamlayıq ki, Qarabağ elmi cəhətdən güclü regiona çevrilsin, heç bir ordunun keçə bilməyəcəyi qoruyucu sipərimiz olsun!
Biz elə etməlyik ki, bütün millətlər orada yaşaya bilsin. Aqarunovun canını fəda etdiyi torpaqlarda yəhudilər də, Solntsevin həyatını qurban verdiyi məqsədlər naminə ruslar da, mənən yanımızda olan gürcülər, ukraynalılar, belaruslar da etnik-milli-dini bir harmoniyada xalqımızla birgə o məkanda qurub yaratsınlar. Azərbaycanda evə-eşiyə ehtiyacı olanların hamısına şərait yaratmalıyıq ki, qoy gedib Qarabağda özlərinə isti ocaq qursunlar. Biz təkcə köçkünlərimizi deyil, bəlkə 1.5, 2 milyon vətəndaşımızı “Böyük qayıdış” proqramı ilə azad ərazilərimzə aparmalıyıq!
Bəli, Ordumuz “Ohanyan xətti”ni dagıdıb qalib gəldi, lakin bizim keçilməz sədlərimiz elə olmalıdır ki, 270 yaşlı Şuşa Qarabağın inzibati-siyasi-idarəetmə mərkəzinə çevrilsin. Xatırlatmaq istərdim ki, düz 170 il ərzində məhz belə olub. Şuşa Qarabağ rayonunun inzibati mərkəzi olmalıdır! Almaniya 90-cı ildə birləşəndən sonra etdiyini kiçik miqyasda təkrarlamalıyıq…
Vətən müharibəsində verdiyimiz 2783 nəfər itkimizi və yaralıları da nəzərə alaraq, Qarabağda qurulan gənc ailələrə və doğulan hər körpəyə görə dövlət yardımları sayəsində bütün xilas edilmş ərazilərdə məskunlaşma ən yüksək səviyyəyə çatmalı, milyardlarla manat xərc çəkilib salınan yeni şəhər, qəsəbə və kəndlərimizdə daim həyat qaynamalıdır.
Biz orada qədim tariximizi təkcə muzeylərə yığmaqla yox, eləcə də onu böyüyən milyonlarla gəncin beyninə, ruhuna yerləşdirməyin yollarını tapmalıyıq. Qarabağ özü boyda kitab evinə çevrilməlidir!
Beynəlxalq maliyyə-iqtisadi qurumları üçün də oraya yol açıqdır. Xatırlayırsızsa, 2000-ci illərdə Avropa Birliyinin rəsmiləri Ulu Öndər Heydər Əliyevlə görüşərkən Qarabağda dağılmış infrastrukturun bərpası üçün 1 milyard avro yardım etməyə hazır olduqlarını söyləmişdilər. Qoy indi vədlərini tutsunlar və həqiqətən sülhə-çiçəklənməyə investisiya qoysunlar. Qarabagda iqtisadi göstərici bütün bölgələrdən yuxarı olmalıdır.
Bilirsiz ki, hərbi əməliyyatlar başlayan günlərdə erməni tərəfi apardıqları savaşın adını “cəhənnəmə xoş gəlmisiz” qoymuşdular. Diqqət edirsinizsə,”Qafqazın mirvarisi” sayılan məkana hansı adı vermişdilər. Ali Baş Komandanımız isə “biz Qarabağı cənnətə çevirəcəyik” dedi, Azərbaycan xalqının quruculuq ideallarını dünyaya nümayiş etdirdi.
Gəlin, “Cənnət Qarabağı” birgə quraq!
Bundan sonra Ali Baş Komandanın “Dəmir Yumruğ”unu quruculuğa, Vətən müharibəsində ordumuz kimi əmək cəbhəsinə daşımağa çalışmalıyıq, eləcə də hörmətli Mehriban xanımın “Böyük qayıdış” siyasətinə və Qarabağın gələcəyinə dair aparılan dövlət siyasətinə bilavasitə rəhbərliyi Ermənistanın vurduğu coğrafi, maddi və mədəni ziyanı aradan qaldırmağa imkan verəcəkdir! 10 noyabradək savaşla, 10 noyabrdan 1 dekabradək hərbi-diplomatiya əldə olunan qələbələri 1 dekabrdan sonrakı məqsədyönlü işlərmizlə davama etdirərək, Qarabagın son 200 ildə bizdən qopan hissələrini Vətənlə bağlamağı bacarmalıyıq.