Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinə dəstək verdilər, Ermənistanın hərəkətlərini pislədilər

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) çağırışına cavab olaraq, dünyanın 2 ən böyük jurnalist təşkilatı – Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistlər Federasiyası Azərbaycan İctimai Televiziyası əməkdaşlarının  Azərbaycan-Ermənistan cəbhə xəttində sentyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən  atəşə məruz qalmalarını pisləyən bəyanat qəbul ediblər.

JuHİ mətbuat xidmətindən verilən məlumata görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, bəyanatda jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi barədə dəqiq məlumatlar hazırlamalarının  zəruriliyi  qeyd edilib, münaqişə  tərəflərindən isə tələb edilib ki,  media işçilərinin təhlükəsizliyini təmin etsinlər.

“Bəyanatın digər bir mühüm tərəfi odur ki, müəlliflər Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın dəstəyi ilə separatçı rejimin nəzarəti altına keçdiyini  açıq tekstlə ifadə ediblər”, deyə Müşfiq Ələsgərli bildirib. 

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətdə saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai  TV əməkdaşları sentyabrın 29-da  Tərtər rayonu ərazisində  qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı,  sağ qalmağı bacarıblar. Bununla paralel olaraq, ayrı-ayrı KİV nümayəndələri, o cümlədən, AzTV əməkdaşları  Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə məruz qalıblar. Bu isə Cenevrə Konvensiyasının tələblərinə ziddir.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı beynəlxalq media təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan cəbhə xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən  başlanmış döyüşlərlə əlaqədar  jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa, Ermənistanın hərəkətlərini pisləməyə  çağırmışdı.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir