Deniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Türkiyə istehsalı olan “3391 Kilometr” filminin Qala gecəsi keçirilib.
Film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir. Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır.
Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidi olublar.
“3391 kilometr” kitabının müəllifi Beyza Alkoç, filmin yaradıcı prodüseri və rejissoru Deniz EnYüksek, baş rol ifaçıları Derya Pınar Ak və Ahmet Haktan Zavlak filmlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Beyza Alkoç həm “3391 kilometr” kitabı, həm də film haqqında şərhlərin çox müsbət olduğunu bildirərək deyib: “Bu, bizim üçün çox emosional bir prosesdir, çünki kitabı yazarkən onu çox sevdim. Kitabda oxucunun yaşadığı hissləri filmdə çatdırmaq üçün çox çalışdıq. Ssenari üzərində çox uzun müddət işlədik, görüşlər keçirdik”.
Beyza Alkoç hekayəni yazarkən 16 yaşı olduğunu və bunun kitaba çevriləcəyini ağlına belə gətirmədiyini qeyd edib. “Sadəcə hekayə kimi yazırdım, mənim üçün hobbi kimi başladı. Sonra kitab oldu, indi isə filmə çevrildi. Baş rol ifaçılarının hər bir detalı belə gözəl əks etdirmələri mənim üçün çox xoşdur”, – deyə o əlavə edib.

Deniz EnYüksek isə qeyd edib ki, filmi Parisdə çəkmək mümkün olmasaydı, Avropada başqa alternativlər tapılmışdı. “Əslində, Azərbaycanda də çəkə bilərdik. Ümid edirəm ki, Bakıda da çəkə biləcəyimiz filmlər olar. Filmin çox müsbət enerjili izləyici kütləsi var. Şərhlərin demək olar hamısı oxucuların kitabı sevdikləri qədər, filmi də xoşlamaları ilə bağlı idi. Biz tezliklə ikinci filmin hazırlıqlarına başlamaq fikrindəyik. Avropadan da çoxlu təkliflər var, danışıqlar aparılır. Bunu dəyərləndirəcəyik”, – deyə o vurğulayıb.
Baş rolun ifaçısı Derya Pınar Ak bildirib ki, filmin çəkilişləri beş həftəyə tamamlanıb. “Çox əyləncəli idi. Həm səyahət etdik, həm əyləndik, həm də həftələrlə səhərdən axşamadək işlədik”, – deyə o qeyd edib.
Digər baş rolun ifaçısı Ahmet Haktan Zavlak diqqətə çatdırıb ki, çəkiliş prosesində arzuladığı hər şeyi görmək çox gözəl və maraqlı bir proses olub.