Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün beynəlxalq norma və prinsipləri ayaq altına ataraq dinc əhalini, çoxsaylı ev və mülki obyekti, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.
Son iki gün ərzində xeyli sayda mülki şəxs erməni təcavüzünün qurbanına çevrilib. Erməni bölmələrinin sentyabrın 27-də Naftalan rayonu ərazisinə atdığı mərminin evə düşməsi nəticəsində evdə olan 5 nəfər həlak olub. Həyatını itirənlərdən ikisi məktəblidir. Bundan başqa, Tərtər və Ağdamda da düşmən təcavüzü mülki şəxslərin həyatına son qoyub, onlarla şəxs yaralanıb. Xüsusilə qeyd edilməlidir ki, düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulur.
Ermənistanın dinc sakinləri – uşaqlar, qadınlar və ahılları qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub. Ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurlar. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görürlər.
Beynəlxalq qurumların ermənilərin hərbi cinayətlərinə göz yumması isə narahatlıq doğurur. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə konkret tədbirlər görməyə çağırıb.
Azərbaycan tərəfi ermənilərin törətdiyi cinayətlə bağlı artıq istintaq tədbirləri görür. Azərbaycan Baş Prokurorluğu tərəfindən baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7-ci (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8-ci (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.
Onu da vurğulayaq ki, Ermənistan Cenevrə Konvensiyasının konkret müddəalarını pozur. Belə ki, beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Cenevrə Konvensiyasının 3-cü maddəsi beynəlxalq səviyyədə olmayan silahlı münaqişələr baş verdikdə hər iki tərəfin bəzi qaydaları tətbiq etmək məcburiyyətində olduğunu əks etdirir. Sənəddə ən əhəmiyyətli məqamlardan biri isə mülki şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi, Cenevrə Konvensiyasının tələblərini də nəzərə almır. I Qarabağ müharibəsi zamanı da düşmən ölkə eyni rəftara yol verirdi. Ermənistanın Xocalı başda olmaqla, azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, soyqırımları bütün dünyaya məlumdur. Düşmən ölkənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi – günahsız azərbaycanlıları – qocaları, uşaqları, qadınları, evləri, yaşayış binalarını, məktəbləri, xəstəxanaları, təcili yardım maşınlarını, jurnalistləri, mülki infrastrukturu hədəfə alması onun faşist mahiyyətinin dəyişmədiyini bir daha göstərir.
Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüquq normalarını pozmasını təsdiqləyən saysız faktlar var. Düşmən ölkənin təkcə əsir və girovlara münasibəti bunun ən bariz sübutudur. Belə ki, Azərbaycan tərəfinin əldə etdiyi məlumatlar göstərir ki, Ermənistan tərəfindən əsir və girov götürülmüş mülki azərbaycanlıların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Azərbaycanlı əsir və girovların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə bu günə qədər ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur.
2014-cü il iyulun 11-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gedən Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz Quliyev ermənilər tərəfindən girov götürülüb, Həsən Həsənov isə vəhşicəsinə öldürülüb.
İşğalçı Ermənistan dəfələrlə 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq öz torpağında girov götürdükləri mülki vətəndaşlara qarşı qəddar və amansız davranıb, onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetirib. Mülki əhalinin girov götürülməsi qadağan olunduğu üçün Ermənistan hakimiyyəti onların “hərbi əsir” kimi cəzalandırılmasına “şifarişli qondarma məhkəmə şousu” ilə nail olub. İllər keçsə də, beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və digər çoxsaylı insan haqları institutu Xocalıda, Qaradağlıda, Malıbəylidə, Quşçularda və digər yaşayış məntəqələrində Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilən soyqırımı faktlarına, Həsən Həsənovun Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək niyyətinə görə öldürülməsinə, Dilqəm Əsgərovla Şahbaz Quliyevin isə ömürlük və 22 il həbs edilməsinə, ümumilikdə ermənilərin azərbaycanlı girovlara qarşı qeyri-insani münasibət göstərməyinə hələ də konkret mövqe nümayiş etdirməyib. Bu isə Ermənistanın getdikcə daha da radikal və azğın addımlar atmasına şərait yaradır. Cəzasızlıqdan daha da ilhamlanan, təcavüz aktını genişləndirən İrəvan ənənəsinə sadiq qalaraq budəfəki təxribatlarında da dinc əhalini, mülki infrastruktur və obyektləri hədəf seçir. Əfsuslar olsun ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamıya – bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara şamil edilməli olsa da, Ermənistanın insanlığa yaraşmayan addımlarına qəsdən göz yumulur, heç bir reaksiya verilmir.
Beynəlxalq hüququn, dünya ictimaiyyətinin susqunluğu fonunda Azərbaycan Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur.
APA Analitics