Həbsdə olan jurnalist Sənan Abdullayevin anası, 70 yaşlı Solmaz Kazımova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya yazdığı əfv ərizəsində övladınının əfv edilməsini xahiş edib.
Müraciətdə deyilir:
Möhtərəm prezident İlham Əliyev, Hörmətli Mehriban xanım !
Sizlərə təkcə ölkəmizin rəhbərləri kimi yox, həm də milli adət-ənənələrimizə sadiq və qayğıkeş azərbaycanlı ailəsinin başçıları kimi müraciət edirəm. Mən həbsdə olan jurnalist Sənan Abdullayevin anası, 70 yaşlı Solmaz Kazımova olaraq sizdən övladımın əfv edilməsini xaiş edirəm.
Oğlum 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif KİV-lərində çalışıb və hər zaman dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq olubdur. Sənan 1993-cü ildən 2003-cü ilədək “Ədalət”, “Odlar yurdu”, “Soydaş” və başqa kütləvi informasiya vasitələrində repartyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə “SPACE” , “ATV” və “AZTV”-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərərək mərkəzçi mövqeyini sərgiləyərək dövlətçiliyə xidmət edibdir. Çünki onun atası Həsən Abdullayev də dövlətə və dövlətçiliyə sadiq, Heydər Əliyev ideyalarına dərin inamı olan şəxsiyyət olaraq tanınıbdır. Elə ona görə də rəhmətlik atası kimi, Sənan da ölkəmizin qurucusu Heyder Əliyevin və Sizin daxili və xarici siyasətinizə daim dəstək olduğunu öz peşə fəaliyyəti ilə sübut ediblər.
2016-cı ilin aprel döyüşləri zamanı “AZTV”nin Qarabağ bölgə muxbiri kimi, onun peşəkarlığı ali hərbi komandanlıq tərəfindən fəxri diplomla qiymətləndirilib. 44 günlük Zəfər müharibəsi zamanı isə Sənan Abdullayev rəsmi olaraq ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarının savaş müxbiri kimi Müzəffər Ordumuzun Ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli qələbə xəbərlərini yaymaqla öz peşə borcunu layiqincə yerinə yetirib. Onun anası kimi mən də ömrümün 40 ilini əmək fəaliyyəti ilə məşğul olmaqla övladlarımı zəhmətlə və qayğıkeşliklə böyütmüşəm.
Cənab prezident İlham Əliyev,
Hörmətli Mehriban Xanım.
Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var və biz bunu inkar edə bilmərik. Amma onun günahları ucbatından həbsdə yatması bu gün – sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır.
Yuxarıda da qeyd etdiyim kimi mənim 70 yaşım var.Necə deyərlər bir ayağım burda bir ayağım gordadır. Yaşımdan irəli gələn ağır xəstəliklərim var. Sənanın 3 övladı və 2 nəvəsi var. Demək olar ki, ailəsinin maddi durumu acınacaqlıdır. Sənan 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.Sənan Abdullayev, Gəncə Ağir Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və artıq 18 aydır ki, həbsdədir.
Cənab Prezident
Siz Ümummilli lider Heydər Əliyevin davamçısı kimi artıq 20 ilə yaxındır ki Azərbaycan Respublikasının Prezidentisiniz. Dahi liderin dahi də davamçısı olur. Dahi davamçılar isə ölkənin vətandaşları liderin həqiqətən onların maraqlarını düşündüyünü hiss etdikdə yaranır. Unutmayaq ki, insanlar yalnız etibar etdiklərinə inanırlar. Məhz Siz, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev olaraq, 10 millyondan artıq Azərbaycan xalqının inamını qazanmağı bacarmısınız. Razılaşaq ki, liderlik məşhurluq deyil-səmimiyyətdir; o, hakimiyyət deyil-məqsəddir; liderlik vəzifə deyil – istedaddır. Yəni təkcə biz deyil, bütün Azərbaycan anaları Sizin kimi səmimi, məqsədli, humanist prezidentimizin olması ilə fəxr edir və edəcəkdir. Ən əsası da Siz bütün vətandaşlarımızın, elecə də məhkumluq həyatı yaşayan şəxslərin hüquqlarının təminatına daim xüsusi önəm vermisiniz. Sizin hakimiyətiniz dörvründə 36 əfv sərancam ilə 6 mindən cox məhkumu bağışlamaqla onları ailələrinə qovuşdurmusunuz. Məhkum edilmiş şəxslərin əfv olunması hümanist addım olmaqla yanaşı insan və vətandaş hüquq və azadlıqlarına hörmət və ehtiramın bariz nümunəsidir. Elə ona görədə düz deyirlər ki, müdrik liderlər həmişə qayğıkeş olurlar.
Cənab prezident İlham Əliyev,
Çox hörmətli Mehriban xanım!
Sizdən ağbirçək ana kimi xahiş edirəm ki, Sənan Abdullayevin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, ilk məhkumluğunu, törətdiyi əməldən səmimi peşman olmasını, islah olunmasını, zərərçəkənlərlə barışıq əldə etməsini nəzərə alaraq, Prezident kimi müstəsna səlahiyyətlərinizdən istifadə edərək onu əfv edəsiniz.
Cənab Prezident!
Ağbirçək ana kimi gözəl bilirəm ki, Siz təkcə hazırda azadlıqda xoşbəxt yaşayanlara deyil, həmçinin azadlıqlarını itirmiş insanlara da xoşbəxtlik nəsib etmək gücündəsiniz. Mənim üçün xoşbəxtlik həm də oğlanlarımın çiynində qəbir evinə getməkdir. Siz təkcə Sənanı bağışlamaqla ona azadlığı bəxş etməyəcəksiniz, bizi, ailəsini,övladlarını sevindirməyəcəksiniz, Siz həm də onu bir ömür “anamı hamı kimi qəbir evinə yola salmadım” kimi vicdan əzabından qurtaracaqsınız.
Sizə dərin hörmətlə,
Kazımova Solmaz Məhər qızı