Turaz.az Kamil Vəfadarın yeni şeirlərini təqdim edir
ÇƏKİRƏM
İlahi, mənə verdiyin,
Dərdi mərdanə çəkirəm.
Mərd oğulun mərd dərdini,
Mərdi-mərdanə çəkirəm.
Quşlar saldı lələklərin,
Qəm gətirdi küləklərin,
Şahid oldu mələklərin,
Gördü mərdanə çəkirəm.
Gəldi çiskin, boran dağa,
Ahln dağa, yaran dağa,
Dağ arana, aran dağa,
Yurdu mərdanə çəkirəm.
QALMADI
Nə oldusa, cılızlaşdı bu dünya,
O əzəmət o dağlarda qalmadı.
Bucağının yağı daman damların,
Bərəkəti otaqlarda qalmadı.
Nər kişilər dəhnələrin arxası,
Köç etdilər, yarıtmadı arxı su…
Çiçəklərin, meyvələrin qoxusu,
Ləçəklərdə, budaqlarda qalmadı.
Ya qəzadı, ya qismətdi, ya nələr,
İndən sonra olacaqdı haa nələr…
Saxta görkəm, süni boya, ta nələr,
O hərarət dodaqlarda qalmadı.
Yük altına girəsilər azaldı,
Sinəsini gərəsilər azaldı,
Biraz öyüd verəsilər azaldı,
Biraz öyüd qulaqlarda qalmadı.
Haqq aradım, danışma, kəs dedilər,
Elədilər çox bəhsabəs, dedilər,
Dur, ay Kamil, gəzmə əbəs dedilər,
Yaxınlarda, uzaqlarda qalmadı.
BƏRİDİ
Bu dünya özünə yer tapa bilmir,
Eləcə fırlanır çoxdan bəridi.
Arabir gözümə baş-ayaq dəyir,
Görürəm Balakən Qaxdan bəridi.
Ürəyim ocaqdı, başım buxarı,
Yandım, qurumladım üzüyuxarı,
Kor etdi tüstüsü, ütdü puxarı,
Yanıram yaranan vaxtdan bəridi.
Əyil öp, torpağı ayaqlama çox,
Başnanmı çox getdik,ayaqnanmı çox,
Nisiyə çoxluğa bel bağlama çox,
Əlində olan az çoxdan bəridi.
Ovlaqda ovun var,vura bildinsə,
Yuvan sarayındı, -qura bildinsə,
Üstündə oturub-dura bildinsə,
Qara daş bir qızıl taxtdan bəridi.
Bu cahan çoxunun əngin əzdirir,
Çaldırır bir əcəl zəngin ,əzdirir,-
Kamili dərdiylə zəngin gəzdirir,
Olan vara şükür, yoxdan bəridi.
GƏLDİ
Yenə mısmırığın salladı bulud,
Şimşəkli gözündə dolu su gəldi.
Yerə ərməğanın yolladı bulud,
Göylərin yağışı-dolusu gəldi.
Qıcqırıb coşanda yal aşan sular,
Yaylağa şöhrətdi, yala şan sular.
Yamacın döşüylə yalaşan sular,-
Dərənin qucağı dolusu gəldi.
Ay Kamil, haylayım təzədən kimi,
Bir zədə görmədim ta zədən kimi,
Xəyalım sovruldu təzə dən kimi,
Boşu boşa getdi, dolusu gəldi.
İÇİNDƏ
Bir axşam da düşdü yenə,
Qaldım axşamlar içində.
Canım yandı, öləzidi,
Əridim şamlar içində.
Bu dünya nədi, nəçidi,
Hər gələn bir binəçidi…
İçim bir bostan içidi,
Kədər yer şumlar içində.
Tanrı yerin-göyün verir,
Sonqar verir, yeyin verir
Bəxtəvərə ağ gün verir,-
Qapqara damlar içində.
Taledirsə əgər bu,ver,-
Göz yaşında dərdi yu ver,-
Əlində bir kasa su ver,
Dirilim camlar içində.
İNTİHAR
Evdən gələn xörəklərdən
Qadınının qoxusunu alırdı.
“Bunu qadınım bişirib”deyirdi.
Çörək yemirdi ki, dustaq,
Qadınının qoxusunu yeyirdi
Evdən gələn mələfədən,
Qadınının qoxusunu alırdı,
“Bunu qadınım yuyub” deyirdi.
“Dörd qatlayıb zənbilə də
Əliylə qoyub” deyirdi.
…Bir dəfə xörək dadsız,
Mələfə urvatsız,-
Dörd qatlanmamış gəldi.
Zənbil də əvvəlki kimi
Üzünə gülümsəmədi,-
Mısmırığını sallamışdı.
(Görəsən, nə olmuşdu?..)
Ardınca bir qara xəbər,
Döydü dəmir qapıları,
Deşdi beton divarları,-
İtirmişdi qadınını…
…Bir səhər kamerada
Asılı gördülər dustağı,
Vəsiyyət də yazmışdı ölümqabağı:
“Məni boğazımdakı
Mələfəylə basdırarsınız,
Başdaşıma yazdırarsınız:
İtirdiyini tapmağa getdi”.
…Deyirdilər ki, darıxdığından,
Ya qorxusundan asmışdı.
Əslində,
İntihar eləməmişdi dustaq,
Ağzının şirin dadını,
Qadınının qoxusundan asmışdı.