Zəngəzurun Azərbaycan Xalq Cümhuriyyətinin ayrılmaz tərkib hissəsi olduğunu göstərən faktorlardan biri də bu qədim türk yurdunun əhalisinin Cümhuriyyət parlamanında təmsil edilməsi idi.
“Məclisi-Müəssisan”da Zəngəzur qəzasını təmsil edən deputat Məmməd Sadiq Aran 1895-ci ildə Sisyan (Qarakilsə) bölgəsinin Urud kəndində doğulub.
Bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra Türkiyə, İran, Finlandiya və digər ölkələrdə yaşamağa məcbur olan fədakar və mübariz ziyalı həyatının sonunadək Azərbaycanın müstəqilliyi ideyasını təbliğ etməklə məşğul olub. “S. Azər”, “Ərdoğan”, “Sisyanlı”, “Sənan Azər” və digər imzalarla çıxış edərək yüzlərlə məqalə və kitab yazıb. Məmməd Sadıq Aran 1971-ci ildə İstanbulda vəfat edib.