28 May – tariximizə Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan gün kimi daxil olmuşdur. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin süqutu ilə əlaqədar mayın 27-də Seymin azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın 44 nəfərdən ibarət müvəqqəti Milli Şurasını yaratmış və bu Şura mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan Xalq Cümhuriyyəti adlı türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət yaradıldığını elan etmişdir.
Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə demək olar ki, bütün dövlət strukturlarını və dövlət atributlarını yaratmış, torpaqlarımızı işğal siyasəti yeridən, bütün Azərbaycan torpaqlarında xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən erməni vandallarına qarşı uğurlu hərbi əməliyyatlar aparmışdır.
Lakin təəssüf ki, 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalçılıq siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrilmiş və onun yerində yaranmış Azərbaycan bolşevik hökumətinin Cümhuriyyətdən qalma 113,9 min kv. km ərazisinin 27,3 min kv.km hissəsi zorla qoparılaraq həmin ilin 29 noyabrında yaradılmış Ermənistan bolşevik hökumətinə hədiyyə edilmiş, Azərbaycana cəmi 86,6 min kv. km ərazi qalmışdır.
Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcmasının sədri