Professor Leyla Gərayzadə: “Ordumuzun memarı”

Ordumuzun Memarı
 Təkcə 10 mayda deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Axı, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. O dövrdə  yaşamış ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Həmin dövrədək Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı.
MÖHTƏŞƏM DÖNÜŞ
Ötən əsrin sonlarında yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Onun “Mən həmişə fəxr etmişəm, fəxr etmişəm ki, mən Azərbaycanlıyam!” sözləri isə Azərbaycançılıq ideologiyasının əsas devizi oldu.
Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir.  1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə – gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin – C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi  demirdi: “Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir”.
Dahi Liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının həyatında misilsiz xidmətlərindən biri  xalqımızın nüfuzunun dünya xalqları arasında xüsusi yerinin təyin edilməsinə nail olmasıdır. Xalqımızın tarixi qədimliyi məlum olsa da, sovetlər dönəmində geniş inkişaf dairəsinə yönəltməyə imkan verilməmişdi. Səbəb isə Kremldə ermənilərin çoxluq təşkil edərək tarixi torpaqlarımızda kök salmaq, bərkimək və əraziləri işğal edib mənimsəmək idi. Lakin Ulu öndərimizin hələ sovet dövründə hakimiyyətə gəlişi ilə hər şey yavaş-yavaş dəyişməyə başladı. Heydər Əliyevin xüsusi siyasəti sayəsində dünya ölkələri, xüsusilə neft istehsal edən ölkələrlə müstəqil əməkdaşlıq münasibətləri yaradıldı. Getdikcə bu münasibətlər artaraq şəbəkə halına düşdü, ərəb ölkələri, Afrika ölkələri və s. Müasir Azərbaycan Respublikasının həyatında isə dahi Heydər Əliyev dünyaya səs salan layihələrə imza ataraq bir çox dövlət başçılarını heyrətinə səbəb oldu. Bəziləri isə,  necə deyərlər, şahmatda mat vəziyyəti ilə müqayisəyə gələcək bir hala düşdü.
Heydər Əliyevlə dostluğundan hər zaman fəxrlə söz açan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin sözləri hamının yaddaşına həkk olunmuşdur:”Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var”.
Fransanın iyirmi ikinci prezidenti Jak Şerak da Heydər Əliyevə olan heyranlığını gizlətmirdi:”Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarəti, müdrikliyi və qətiyyətini yüksək qiymətləndirirəm. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
QARABAĞA QAYIDIŞ
2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin sentyabrın 27-sində başlayan  “44 günlük müharibə”də qazanılan tarixi qələbələrimiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. Cəbrayıl istiqamətindən əks-hücum üçün tarixi şərait bayaq deiyimiz kimi, “Horadiz əməliyyatı” nəticəsində yaranmışdı. Bu əməliyyatın birbaşa təşəbbüskarı və qələbənin təminatçısı isə məhz “Ordumuzun memarı”  olan Heydər Əliyev idi.
İllər sonra bayrağımızın yurd yerlərində dalğalanması  məhz Ümummilli Liderimizin siyasi kursunun təntənəsidir. Qarabağa qayıdışımızın ilk ünvanı olan Cocuq Mərcanl hələ 1994-cü ildə Heydər Əliyevin komandanlığı ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyatda işğaldan azad edilmişdi. Amma qarşıda bir neçə yüksəkliyə erməni hərbi birləşmələrinin nəzarət etməsinə görə bu kənddə yaşamaq təhlükəli idi. Nəhayət, 2016-cı ilin aprelin əvvəllərində bir neçə günlük döyüş nəticəsində həmin mövqelər də ordumuzun əlinə keçdi. İndi burada yaşayan hər kəs Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir. Və tezliklə Şuşada, Suqovuşanda, Cəbrayılda, Füzulidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş yaşayış məntəqələrimizdə də məcburi köçkünlük həyatlarında son qoyulmuş soydaşlarımız yaşayacaqdır.
Ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. 
Ulu öndərin bu uzaqgörənliyi də öz sübutunu tapdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.
Leyla Gərayzadə

pic200 - Professor Leyla Gərayzadə: “Ordumuzun memarı”

Leyla Gərayzadə,

BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının professoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir