“Ruhlar şəhəri”nə səyahət

Fuad Əsgərov: “Ağdamda gördüyüm mənzərə məni dəhşətə gətirdi. Erməni vəhşiliyi hər addımda hiss olunurdu”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Dəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 17 avqust tarixində işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləriarasında məndə (Qan Donorları Assosiasiyasının sədri) yer alırdım.

Səfər tərəfimdən böyük həyəcanla qarşılanırdı, çünki həsrətində olduğum Ağdam torpağına ayaq basacaqdım. Etiraf etməliyəm ki, bu günə qədər dünyanın 39 ölkəsinə ümumilikdə 200-ə yaxın səfər etmişəm, amma heç bir zaman bu qədər həyəcan keçirməmişəm.

Nümayəndə heyəti ilə bərabər əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və imarət stadionu ilə tanış olduq. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin vəhşiliyinə məruz qalan tikili barədə bizə geniş məlumat verdi. Öz gözlərimizlə erməni vandalizminin təkcə insanlarımıza deyil, eyni zamanda yaşayış yerləri və tarixi abidələrdən də yan keçmədiyinə şahid olduq. Bu sadəcə dəhşət idi. Abidənin böyük bir hissəsi darma- dağın olunmuşdu. Ən kiçik daş-divarlarda belə mənfur düşmənin əl izlərinə rast gəlmək olardı.

Sonra şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidinə yollandıq. Hər kəs təşviş, sevinc və eyni anda kədər içərisində müqəddəs ocağımız  olan Cümə məscidində namaz qılmağa tələsirdi. Məscidlə tanışlıqda bizə məlumat verildi ki, digər tarixi abidələrimiz kimi 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Məhz Cümə məscidinin minarələrindən ətrafı asan müşahidə etmənin mümkünlüyü tarixi abidəni xilas edib. Buna baxmayaraq, digər müqəddəs məkanlarımız kimi bu məscidin də ibadət zalından erməni vandalları heyvan saxlamaq üçün istifadə ediblər.

Proqrama əsasən erməni vəhşiliyi nəticəsində yerləyeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olduq. Şəhər Dram teatrının salamat qalan yalnız bir divarına baxış keçirə bildik.

Daha sonra səfər iştirakçıları ilə bərabər Ağdamın Qiyaslı kənd məscidinə getdik. Gördüyümüz mənzərə və aldığımız məlumatlardan məlum oldu ki, dini adətləri heçə sayan və barbarlıq nümayiş etdirən ermənilər Qiyaslı məscidindən də tövlə kimi istifadə ediblər. Divarları və tavanı yandırılan tarixi və dini abidəmizi bu vəziyyətdə görmək ürək ağrıdırdı.

Səfərin proqramına uyğun olaraq 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilən Şahbulaq qalasına da baş çəkdik. Qeyd edim ki, Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər. Qalanın yaxınlığında axan bulaqdan insan ruhuna sakitlik və izahsız zövq verən  şəffaf və soyuq bulaq suyundan içməkdə qismət oldu. Bu xoşbəxt anları yaşamaqmənə də nəsib olduğu üçün qürurlanıb və bir azda hisslərə qapılmışdım.

Daha sonra QHT rəhbərləri Ağdam şəhərinin mərkəzində inşaat işlərinin aparıldığı əraziyə gəlib Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri ilə yaxından tanış oldu. Tanışlıqlar və təqdimatlar göstərdiki,yaxın gələcəkdə Ağdam çox gözəl bir şəhər olacaqdır.

Səfərdən qalan təsuratlar və xatirələr çoxdur, amma Qarabağımızın digər şəhərləri ilə tanışlıqlar da davam edir. Zaman-zaman paylaşmaq qərarındayam.

Sonda ölkə başçısının trendə çevrilənvə hər bir azərbaycanlının dillər əzbəri olmuş ifadəsini vurğulayıram: Ağdam sən azadsan! Qarabağ Azərbaycandır!

20210822 211756 875x1024 - "Ruhlar şəhəri"nə səyahət

One thought on ““Ruhlar şəhəri”nə səyahət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir