Türkiyədən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlir.
Türkiyə vətəndaşlarından gələn məktublardan bəziləri:
“Hörmətli cənab Prezident.
Mən Türkiyə vətəndaşı, şəhid qardaşı olaraq Azərbaycanı şərəfli mübarizəsində dəstəklədiyimi bildirirəm. Ölkəmin terrorla mübarizəsində iştirak etdiyimi, terrorla məşğul olan işğalçıların dinc əhalini rahat yaşamağa qoymadığını yaxşı bilirəm.
Mənim üçün Türkiyə də, Azərbaycan da vətəndir. Vətənimin hər qarışı mənim üçün müqəddəsdir. Şanlı qələbənizin qazanılması üçün irəlilədiyiniz yolda Sizinlə birlikdə addımlamaq mənim üçün şərəf olardı.
Can Azərbaycana uğurlar arzulayıram.
Hörmətlə,
İbrahim Uluer.
Türkiyə Respublikası, Ankara şəhəri”.
“Hörmətli cənab Prezident.
Ermənistanın işğalı altında olan bir neçə kəndin düşməndən azad edilməsi münasibətilə Sizi təbrik edir, bu yolda şəhid olanlara görə başsağlığı verir, heç nəyin Azərbaycan xalqının əzmini qıra bilməyəcyinə əmin olduğumuzu bildirirəm.
Mən də Qələbə yolunda irəliləyən əsgərlərinizlə birlikdə addımlamağa, qardaşlarımla çiyin-çiyinə döyüşməyə istəyirəm və Azərbaycanın haqq işində son damla qanıma qədər mübarizə aparmağa hazıram.
Hörmətlə,
Caner Sarsılmaz.
Türkiyə Respublikası, Ankara şəhəri”.
“Hörmətli cənab Prezident.
Ermənistanın işğalçı siyasətinə görə üzləşdiyiniz müharibə vəziyyətinə görə narahatlıq keçirsək də, Qələbənin mütləq Sizinlə olacağına inanırıq. Azərbaycana gələn bəla bizə də gəlmiş sayılır.
Buna görə də hər bir türk bütün imkanları ilə Sizinlə birlikdə olduğunu bildirir. Mən də onlardan biriyəm. Türkiyə-Azərbaycan qardaşlığı əbədi davam edəcəkdir.
Sizə dəyən zərərin bizə dəydiyini düşünərək, hər zaman döyüşə hazırıq. Biz də Sizin əmrinizdəyik.
Dərin hörmət və ehtiramla,
İnan Güvən.
Türkiyə Respublikası, Atakum şəhəri”.
“Hörmətli cənab Prezident.
Mən könüllü olaraq cəbhədəki azərbaycanlı qardaşlarımla birlikdə vuruşmağa hazıram. Sizin yolunuz haqq yoludur və bu yolda olmaq hər bir türk üçün böyük şərəfdir.
Sizə Qələbə arzulayıram, cənab Prezident!
Hörmətlə,
Öterkuş Mustafa Yılmaz oğlu”.
“Ali Yalçından, Ankara, Türkiyə
Hörmətli cənab Prezident.
Tarixi keçmişdən bu günədək daim Ermənistanın təcavüzkarlığının Azərbaycan dövlətinə və xalqına təhlükə törətdiyini görürük. Erməni terroruna və işğalına qarşı mübarizədə irəli sürdüyünüz qətiyyət şübhəsiz ki, təqdirəlayiqdir.
Başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla türk xalqı, o cümlədən rəhbərlik etdiyim qurum daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib.
Azərbaycanın ərazi bütövlüyünü pozaraq işğalçılıq siyasətini davam etdirən Ermənistanın iç üzünü göstərmək, beynəlxalq qurumlara, təşkilatlara həqiqəti çatdırmaq üçün səylərimizi əsirgəmədik.
Ortaq tariximiz, ortaq inancımız və ortaq iradəmiz üzərində birlikdə qurduğumuz “bir millət, iki dövlət” konsepsiyası ilə ortaq varlığımız var. Azərbaycan müstəqilliyini qorumalı və yaşatmalı olan qardaş ölkədir. Allah bu mübarək səfərdə Sizə kömək olsun!
Hörmətlə,
Ali Yalçın, Türkiyə Memur-Sen Həmkarlar Təşkilatının sədri.
Türkiyə Respublikası, Ankara şəhəri”.
“Hörmətli cənab Prezident.
Ermənilərin Azərbaycana qarşı təcavüzünü görüb sakit dayana bilmirik. Bizə də şərait yaradın, Qarabağ uğrunda biz də vuruşaq. Bu erməni cəlladları neçə illərdir türkə düşmən kəsilib. Artıq zamanı çatıb, onları Qarabağdan çıxarmalıyıq.
Cənab Ali Baş Komandan, bir daha bildirmək istəyirəm ki, əmrinizi gözləyirəm. Qardaşlarımla bir cəbhədə olmaqdan böyük qürur duyardım.
Hörmətlə,
Mutlu Ramazan Rüştü oğlu.
Türkiyə Respublikası, Bursa şəhəri”.
“Hörmətli cənab Prezident.
Biz bir millət, iki dövlətik. Biz türkük, qardaşıq, eyni kökdənik. Yola çıxmış olduğunuz bu uğurlu mübarizədə Rəbbim yardımçınız olsun.
Canımızla, qanımızla azərbaycanlı qardaşlarımızın yanındayıq. Qulağımız səsdə, könlümüz yoldadır. Bir çağırış edin, yetər.
Hörmətlə,
Metin Fahri Mehmet oğlu
Ablak Murat Bahri oğlu
Aşık Turan Hakkı oğlu.
Türkiyə Respublikası, Antalya şəhəri”.
“Hörmətli cənab Prezident.
Əvvəla cəbhə bölgəsində baş verən döyüşlərdə şəhid olmuş qardaşlarımızın ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağlamlıqlarına qovuşmaları üçün dua edirik.
Sizin üçün orada könüllü döyüşməyə hər zaman hazır olduğumu bilməyinizi istəyirəm. Bir canım deyil, min canım olsa, azərbaycanlı qardaşlarıma fəda edərəm.
Azərbaycan-Türkiyə: İki dövlət, bir millət, bir ürək!
Hörmətlə,
Veli Yıldız.
Türkiyə Respublikası, İstanbul şəhəri”.
“Hörmətli cənab Prezident.
Dost və qardaş ölkənin, can Azərbaycanın rəhbəri kimi Sizi salamlayır, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Son zamanlar ermənilərin ölkənizə və mülki vətəndaşlara qarşı təcavüzü bizi də hiddətləndirdi. İşğalçı və təcavüzkar ölkəyə qarşı mübarizənizdə Sizin, can Azərbaycanın yanındayıq. Dinimizə və türkçülüyə təhlükə yaradan nə varsa, mən son damla qanıma qədər onunla mübarizə aparmağa hazıram.
Qarabağ Azərbaycanındır! Bu, belə olub və daim belə olacaq! Allah yar və yardımçınız olsun.
Hörmətlə,
Oğuz Aydın.
Türkiyə Respublikası, Bursa şəhəri”.
“Hörmətli cənab Prezident.
Mən Türkiyə vətəndaşı olaraq hər bir azərbaycanlının qardaşıyam. Uzun illərdir Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirəm. Sizin torpaqlar mənim üçün də doğmadır.
Hazırda erməni təcavüzünə qarşı mübarizənizi tam dəstəkləyir, hər an yanınızda olduğumu bildirirəm.
Qılıncınız kəskin, qələbələriniz davamlı olsun!
Hörmətlə,
Fahri Emre Recber.
Türkiyə Respublikası, İzmir şəhəri”.
“Hörmətli cənab Prezident.
Azərbaycan və Türkiyə iki qardaş ölkə, tək millətdir. Qardaş və dost çətin gündə tanınar. Bu günlər Azərbaycan üçün çətin olmaqdan daha çox şərəflidir. Belə günlərdə Sizin yanınızda olmağa, canımız və qanımızla kömək etməyə hazırıq.
Allah türkü qorusun! Bayraq enməz, Vətən bölünməz!
Sonsuz ehtiramla,
İsmail Serkan Büyükoğlu
Erdi Bozkurt.
Türkiyə Respublikası, Adana şəhəri”.
APA