Əziz Ələkbərli
Bu yaxında tanınmış saytlardan birində bir yazı oxudum, yazıda savadsızcasına iddia olunurdu ki, “Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub”. Arazdəyən hara, Qarabağ məliklikləri hara?! Qərara gəldim ki, oxuculara Arazdəyən haqqında bilgi verim.
Arazdəyən –
ermənilərin Yerasxa çevirdiyi
yaşayış məntəqəmiz haqqında nə bilirik?
Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisindəki tarixi mahallarımızdan biri də İrəvan çuxurundakı Vedibasar mahalıdır. Araz çayının şərq sahilində, Ağrıdağ vadisinin Böyük Ağrı və Kiçik Ağrı dağ zirvələri ilə üzbəüz hissəsində yerləşən bu mahal Araz çayı vasitəsilə Türkiyə sərhədi boyunca Naxçıvana doğru uzanıb gedir.
Vaxtilə qədim Sak çarlığının, Şəddadilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi qüdrətli Azərbaycan dövlətlərinin bir bölgəsi, XVIII yüzilin ortalarından etibarən İrəvan xanlığının tərkibindəki 15 mahaldan biri, xanlıq əraziləri Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar nahiyəsi, 1930-1988-ci illərdə Er-mənistan SSR-in Vedi (1968-ci ildən – Ararat) rayonu kimi mövcud olmuşdur.
Vedibasar mahalı qədimdən türk tayfalarının aran-yaylaq mədəniyyətinə uyğun olaraq, relyefinə görə bir-birindən kəskin şəkildə fərqlənən dağlıq və düzənlik (aran) hissələrinə ayrılır. Dağlıq hissə Göyçə yaylaqlarına qədər uzanır, düzənlik hissə isə Araz çayı sahilində qurtarırdı.
Vedibasar axşamlarının da qəribə mənzərəsi vardı. Günəş Ağrı dağının arxasında qürub etməyə başladımı, dağın kölgəsi sürətlə Vedibasarın üzərinə yeriyərdi. Kəndlərin, dağların, təpələrin üstü ilə sürətlə irəliləyən kölgə ən axırda Kotuz dağının üstünə “hücum” çəkərdi. Sonda dağın zirvəsi qızarar, kölgə tam örtdükdən sonra dağ göy rəngə boyanar, qırmızılıq isə göy üzündəki buludlara çökərdi.
Vedibasar mahalının Arazqırağı aran kəndlərindən biri də rayon ərazisini Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə birləşdirən Arazdəyən kəndidir. Bu kəndi Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Culfa-Təbriz tarixi karvan yolu, sonralar İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir. Bundan əlavə, Azərbaycanın şimalı ilə cənubunu –Təbrizlə İrəvan, Gəncə və başqa əraziləri birləşdirən və Bağırsaqdərədən keçən tarixi karvan yolu da Arazdəyəndən başlayır. Bu həmin yoldur ki, Naxçıvanın işğal altında olan Kərki kəndi həmin yolun üstündə yerləşir.
Kənddə əvvəllər ancaq azərbaycanlılar yaşamış, kənd böyüdükdən sonra ora az sayda ermənilər də köçüb gəlmişdilər.
Kəndin adının Araz çayının daşdığı zaman suyun basdığı (döydüyü) ərazi mənasında Arazdöyən//Arazdəyən şəklində olması faktı göz qabağındadır. Arazdəyən kəndi əvvəllər indiki yerindən bir qədər aralıda, Araz çayının lap yanında yerləşmişdir. Bunu 1903-cü ilə aid hərbi-topoqrafik xəritədən də görmək olur. Sonralar yaxınlıqdakı dəmiryol stansiyası və onun kənarında sa-lınmış qəsəbə də Arazdəyən adlanmış, Araz çayı kənarındakı köhnə Arazdəyən kəndi Arazdəyən qəsəbəsi ilə əvəzlənmişdir.
Tarixi mənbələrdə Arazdəyən kənd adı ilə bağlı xeyli məlumatlara rast gəlirik. Məsələn, 1886-cı ilə aid mənbədən (“Zaqafqaziya diyarının dövlət kəndlilərinin iqtisadi vəziyyətinə dair materiallar” kitabının 3-cü cildindən) məlum olur ki, Dəvəli və Sədərək kəndləri arasındakı Arazdəyən adlanan 10.022 desyatin ərazi 4 aprel 1862-ci ildən etibarən 65 illiyinə müxtəlif ehtiyaclar (otlaq, əkin və s.) üçün general Qaxanova icarəyə verilib. Bu yerlərin suvarılması üçün Araz çayından çəkilən məşhur su arxı – kanal isə son zamanlara kimi el arasında elə “Qaxanov arxı”, “Qaxanov kanalı” da adlanırdı. General Qaxanov bu arxı Arazdəyən ərazisindəki ona verilmiş torpaq sahələrini suvarmaq üçün çəkmişdir. Generalın Arazdəyəndə inək ferması, şəkər zavodu olmuş, bu şəkər zavodunu məhsulla təmin etmək üçün o, həmin torpaq sahələrində çoxlu şəkər çuğunduru əkdirmişdir.
Digər mənbələrə görə XIX yüzilin sonlarında Qaçaq Nəbi Dərələyəzdə kazak atlıları ilə döyüşdükdən sonra yerli əhalinin köməyi ilə Arazdəyənə gəlib və buradan Arazı keçərək Cənubi Azərbaycana getmişdir.
1897-ci ildə Arazdəyən kəndində 381 nəfər əhali qeydə alınmışdır.
1918-1920-ci illər erməni-müsəlman müharibəsi zamanı dəfələrlə ayaq altında qalan Arazdəyən kəndi sonralar xeyli dərəcədə öz funksiyasını itirərək kiçik kənd kimi yaşamış, 1941- 1945-ci illər müharibəsindən sonra yenidən dirçəlməyə başlamışdır. 1968-ci il iyulun 3-də kəndin adı erməniləşdirilərək Yerasx qoyulmuşdur.
Kəndin azərbaycanlı əhalisi 1988-ci il hadisələri zamanı doğma yurdlarından qovulmuş, Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmışlar.
Arazdəyən dəmiryol stansiyası