Turaz.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərlik etdiyi Azərbaycanın Vətən müharibəsi qazilərindən ibarət qrup Türkiyəyə səfər edib.
Səfər barədə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.
Qazilərimizin qardaş ölkənin hər bölgəsində böyük sevinc qürur hissi ilə qarşılandığını deyən müsahibimiz Türkiyənin ali rütbəli hərbiçiləri və dövlət xadimləri ilə bir sıra görüşlərin keçirildiyini, bu görüşlər zamanı adı çəkilən şəxslər tərəfindən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına Vətən müharibəsində əldə edilən şanlı Zəfər münasibətilə təbriklərin ifadə edildiyini bildirib: “Biz hər vilayətə səfərimiz zamanı ilk növbədə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürkün abidələrini ziyarət etməyi özümüzə borc bildik və bu borcu yerinə yetirdik. Səfər çərçivəsində Türkiyənin Mersin, Adana, Ankara və İstanbul vilayətlərində olduq. Bu bir neçə günlük səfərimiz zamanı Türkiyənin Aralıq dənizi Bölgəsi və Qarnizon komandiri kontr-admiral Fuat Gedik, Mersin jandarma komandiri general-mayor Necip Cağıkçıoğlu, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, ailə və sosial xidmətlər naziri Dərya Yanık, milli müdafiə nazirinin müavini Muhsin Dere, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Kemal Aydın və digərləri ilə görüşlərimiz oldu”.
Adana və Mersinin düşmən işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirakları barədə təəssüratlarını bölüşən Emin Həsənli deyib: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə keçirilən yürüşlərdə Türkiyə və Azərbaycan qaziləri ön cərgədə əllərində iki qardaş ölkənin bayraqları ilə birgə addımladılar. Çox qürurverici mənzərə idi. Sonra Adanada qazilərimiz üçün hərbi helikopterlərlə hava turu təşkil edildi. Bundan sonra isə Ankaraya yola düşdük. Paytaxta gələn kimi, ilk növbədə “Anıtqəbri” ziyarət etdik. Bundan sonra Böyük Millət Məclisində olduq. Məclisin tarixi, burada saxlanılan tarixi sənədlər, məclis binasının yerləşdiyi ərazi və bu yerin keçmişi barədə bizə ətraflı məlumat verildi”.
Qazilərimiz İstanbula gəldikdə ilk növbədə şəhərin Sarıyer Bələdiyyəsinin ərazisində yerləşən Heydər Əliyev Parkındakı Azərbaycanın ümummilli lideri Heydər Əliyev və türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün abidələrini ziyarət ediblər: “İstanbula səfərimiz çərçivəsində ilk görüşümüz Birinci Ordu komandanı general-polkovnik Kemal Yeni ilə oldu. Bütün görüşlərdə olduğu kimi, burada da qazilərimiz çox böyük sevinc və qürur hissi ilə qarşılandılar. Vətən müharibəsində əldə edilən şanlı Qələbə münasibətilə başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, hər bir azərbaycanlıya xüsusi təbriklər ifadə edildi. Bu Zəfər İstiqlal savaşından sonra ən böyük Qələbə kimi qiymətləndirildi, bunun ümumilikdə bütün türk dövlətləri adına böyük Qələbə olduğu xüsusi vurğulandı. Mən də öz növbəmdə Vətən müharibəsində göstərilən siyasi və qardaş dəstəyinə, eləcə də isti münasibət və Türkiyədə xoş qarşılanmaya görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, 84 milyonluq bütün türk xalqına öz minnətdarlığımı bildirim. Görüş əsnasında Birinci Ordunun yerləşdiyi ərazi barədə film nümayiş etdirildi, Ordunun fəaliyyəti, qazilərimizin keçdiyi döyüş yolu haqqında qarşılıqlı məlumat verildi. Daha sonra Türkiyə Müharip Qazilər Dərnəyinin İstanbul şöbəsi böyük bir görüşümüz oldu. Tədbirdə dərnəyin üzvləri ilə yanaşı, Cənubi Koreya və Şimali Koreya arasında baş vermiş müharibədə iştirak edən türklər, Koreya qaziləri də iştirak edirdilər. 90 yaşlı bu Koreya qaziləri Azərbaycan qazilərini çox böyük sevinclə qarşıladılar. Bundan əlavə Şimali Kipr Respublikası qaziləri ilə görüşümüz oldu. Bu görüşdə Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iştirak edən KİV nümayəndələri də var idi. Bu şərəfli və haqq yolunda Vətənimizin yanında olduqları üçün qazilərimiz onlara öz minnətdarlıqlarını bildirdilər. Biz, həmçinin İstanbulda tarixi serialların çəkiliş meydanlarında olduq, burada qardaş ölkənin dünyada sevilən aktyorları ilə görüşdük”.
Azərbaycan heyəti səfər zamanı Türkiyənin Gülhanə Hərbi Hospitalında müalicə alan Vətən müharibəsi iştirakçıları ilə də görüşüb, onların müalicələrinin gedişatı və sağlamlıq vəziyyətləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycan qazilərinin Türkiyəyə səfəri Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti ilə Mersin və Adananın düşmən işğalından qurtuluşunun 100 illik yubileyi tədbirlərinə qatılmaq üçün həyata keçirilir. Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.