Ey, böyük Qazaxıstan!..

Əkbər QOŞALI yazır

Qardaş ölkədə baş verən son olaylarla bağlı mülahizələrim

ekber yazirjpg - Ey, böyük Qazaxıstan!..

Bir vaxtlar Levon Mirzoyanın rəhbərliyindən nələr çəkdiyini unutma, əziz Qazaxıstan! İndi Mirzoyanın mənəvi övladı Paşinyanınmı, yoxsa, o boyda Qazaxıstanı Levona etibar edən Kremlinmi umuduna qaldın? Ola bilməz! Olmamalıdır!
Həmin Kreml deyildimi Gennadi Kolbin kimi yad və bəsirətsiz birini sənə rəhbər göndərmişdi? Əziz Qazaxıstan, həmin rəsmi Moskvanın müxtəlif dairələri daha bugünlərdə sənə ərazi iddiası irəli sürməmişdimi məgər? Məgər müstəqil Qazax dövlətçiliyi tarixini yalnız 30 il oncəsi ilə sınırlayan da Rusiya Federasiyası rəhbərliyi deyildimi?
İndi həmin o Moskvamı, yanına da Paşinyanı-Maşinyanı alıb,
Qazaxıstanda asayişmi təmin edəcək? Paşinyan hələ bir öz uğursuz dövlətini idarə etsin də, sonra Qazaxıstana
qoşun yeridər… Və hansı ordunu? – 44 gün içrə 10 min fərari “istehsal edən ordu”numu göndərəcək Qazaxıstana?!.

Qardaş ölkədə baş verənlərdən hansi ilkin sonuclara varmaq olar?
-Bu, yenicə qurulmuş Türk Dövlətləri Təşkilatına, ümumən türk dövlətlərinin təşkilatlanmasına zərbədir;
– SSRİ-nin bərpası elementlərini üzə çıxır. – Artıq  bir sıra rus kanallarında SSRİ vaxtı verilən hava proqnozuna və s. aid nostalji musiqilər səsləndirilir, keçmiş sovet siyasi-ideoloji iqliminin canlandılımasına cəhd hiss olunur. Əhalisinin təqribən 30 faizi etnik ruslardan ibarət olan, Rusiya ilə çox uzun sınıra malik Qazaxıstan üçün bu, ilk növbədə düşündürücüdür;
– Biz, Qazaxıstanın qardaş ölkəsiyik və bizim siyasi müxalifət də qaraguruhçuluğa deyil, sağlam möveqyə üstünlük verməlidir. Xatırladaq ki, G.Kolbin olayında, jeltoksan hadisələrində məhz Heydər Əliyev Qazaxıstan üçün ən düzgün, ədalətli mövqe ilə çıxıs etmiş, buna görə, Sov.İKP MK büro iclasında M.S.Qorbaçovla ciddi mübahisəsi düşmüşdü. Bu gün də, biz müstəqil Azərbaycan olaraq, müstəqil Qazaxıstan üçün ən ədalətli, ən doğru, ən yaxşı yolun seçilməsinə tərəfdarıq. Bu yolun əsas qayəsi Qazaxıstanın müstəqilliyi, dövlətçiliyinin qorunması, heç bir böyük qonşudan asılı olmadan öz strategiyasını müəyyənləşdirməsi ilə bağlıdır. Biz Qazaxıstanı Türk Dövlətləri Təşkilatının, digər ortaq türk qurumlarının qurucu üzvü olaraq qəbul edirik, sevirik, öyürük.
Yəni, hansısa müxalifət dairələri də bu məsələlərdən öz keçici siyasi maraqları üçün istifadə etməməli, gərəksiz paralellər aparmamalıdır. (Əgər hakimiyyətə gəlmək üçün “Qarabağsız Azərbaycan” formuluna (formulsuzluğuna!) razı olan bir zehniyyət varsa, ondan nə özünə, nə ölkəsinə, nə də qonşu ölkələrə xeyir gəlməz)!

***
Əgər rus qoşunları KTMT “sülhməramlı” qüvvələri adı ilə Qazax torpağına daxil olsa, oradan bədəlsiz çıxacaqmı?! Təkrarçılıq olmasın: əhalisinin 30 faizə qədəri etnik rus olan, Rusiya ilə çox uzun sınir xəttinə malik bir böyük ölkədəki istiqrarsızlıqdan söhbət gedir. Söhbət ondan gedir ki, həmin Rusiya rəsmiləri açıq-açığına Qazaxıstana ərazi iddiası ilə çıxıs edib, Qazax dövlətçiliyini şübhə altına almağa çalışıb… Belə olan halda, “Bu minvalla, Qazaxıstanın dövlət müstəqilliyindən danışmaq olacaqmı?!” narahat sualını verənləri qəribçiliyə salmaq olmur. Sual olunur: Qazaxıstanda rusların sıx yaşadığı quzey bölgələrində sakitlik nə ilə bağlıdır? Bu susqun tavr xeyrədirmi?
Başqa bir sual: Qardaş ölkədə Əfqanıstan ssenarisimi oynanılır?
Nəhayət, bütün bu sualların, ritorikanın və mülahizələrin fonunda bir fikir önplana çıxır: Bir ölkənin istiqrarı onun maraqlarını qorumağı bacaran lider faktorundan önəmli dərəcədə asılıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir