Əziz Ələkbərli: Qərbi Azərbaycan uğrunda mübarizə aparan təşkilatlar qüvvələrini birləşdirir – hədəf Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycandır!
Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə Deportasiya Qurbanları Cəmiyyəti arasında Əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib.
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfər, bu Zəfərin bölgədə yaratdığı reallıqlar barədə ətraflı bəhs etdi, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi, tarixi Azərbaycan torpaqları olan Qərbi Zəngəzur, Göyçə, İrəvan haqqındakı çıxışlarını bir daha xatırladaraq hər kəsin, xüsusilə vətəndaş cəmiyyəti subyektlərinin bundan ciddi nəticə çıxarmalı və bundan sonrakı fəaliyyətlərində Qərbi Azərbaycan həqiqətlərini, Qərbi Azərbaycan qaçqınlarının ata-baba yurdlarına qayıtmaq hüquqlarını önə çəkməli olduqlarını qeyd etdi. Deportasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıbəyli rəhbərlik etdiyi təşkilatın da əsas məramının zaman-zaman deportasiya və soyqırımlarına məruz qalaraq Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki ata-baba yurdlarından qovulmuş insanların tarixi torpaqlarımız uğrunda mübarizəsini təşkil etmək olduğunu və bu baxımdan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasını özləri üçün mübarizə məsləkdaşları hesab etdiklərini bildirdi. Bu mənada Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə Deportasiya Qurbanları Cəmiyyətinin hədəflərinin üst-üstə düşdüyünü və hər iki təşkilatın İdarə Heyətləri fəaliyyətlərini əlaqələndirməyin zəruri olduğunu xüsusi vurğuladı.
Tədbirin sonunda təşkilat rəhbərləri Əziz Ələkbərli və Köçəri Nağıbəyli Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə Deportasiya Qurbanları Cəmiyyəti arasında Əməkdaşlıq Protokolunu imzaladılar.