“Sərhəddə güclü texnika yığmaqda məqsəd bir neçə mövqeləri geri qaytarıb Azərbaycanı razılığa məcbur etməkdir”.
Qazet.az xəbər verir ki, bu sözləri dünən Ermənistan mətbuatına müsahibəsində Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan söyləyib.
Məsələ ilə bağlı Qazet.az-a danışan hərbi ekpert Ədalət Verdiyev bildirib ki, İskəndəryan təkliflərini verir və çıxış yolunu bunda görür.
“Aleksandr İskəndəryan yəqin ki, bu təklifləri verəndə yaxın və uzaq keçmişə baxmağı yaddan çıxarıb. 1994-cü ildən başlayaraq bugünkü günə qədər Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusu qarşısında bir dəfə də olsun geri addım atmayıb. Horadiz əməliyyatndan başlayaraq irili-xırdalı çox sayda əməliyyatlar o cümlədən “Aprel zəfəri” “Vətən müharibəsi” və ondan sonrakı dövrdə baş verən irili-xırdalı toqquşmalar nəticəsində Ermənistan kifayət qədər böyük ərazilər itirib.
Ermənistan Hindistan kimi silah bazarında özünəməxsus yeri olmayan ölkələrdən 5, 10, 20 ədəd hansısa texnika, silah almaqla və onları ərazimizə yaxın yerlərdə yerləşdirməklə hansısa revanşdan danışa bilər. Amma bu revanşı həyata keçirmək elə də asan məsələ deyil. Çünki Ermənistanın müharibədə itkiləri 5 milyard dollara yaxındır. Belə bir məbləğin bərpa edilməsi Ermənistana təxminən 10 il ərzində ayrılan hərbi büdcəni tamamilə silah alınmasına xərclənməsini tələb edir. Bu isə mümkünsüz bir şeydir. Odur ki, İskəndəryan təkliflərini verir, çıxış yolunu bunda görür. Amma bu indiki vəziyyətdə Ermənistanın hansısa kiçik miqdarda silah almaqla bu məsələni həyata keçirməsi mümkün deyil.
Mən təklif edirəm ki, erməni silah və texnikaları Azərbaycan ərazisinə atəş məsafəsinə yaxınlaşdıqda ordumuzun atəşi ilə həmin düşmən texnikaları məhv edilsin və bizim əsgərimizin həyatına təhdidlərin yaranmasına münbit şərait yaranmasın”.
Gülnar Süleymanova / Qazet.az