“Qərar hərbi xidmətin nüfuzuna müsbət təsir etməyəcək” – Ədalət Verdiyevdən SƏRT AÇIQLAMA

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat  Musa Quliyevin ehtiyatda olan hərbi qulluqçuların təqaüdü məsələsi barədə verdiyi açıqlama cəmiyət arasında birmənalı qarşılanmayıb.

Belə ki, deputat açıqlaması zamanı bildirib ki, hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır. Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşdan sonra qəbul edilib. Qanuna görə, bundan sonrakı mərhələlərdə hərbi qulluqçuların maaşları artırılanda ehtiyatda və istefada olan, o cümlədən xüsusi rütbəli hərbi qulluqçuların pensiyalarında artım olmayacaq.  Məsələ ilə bağlı Ednews-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qəbul edilən bu qərar hərbi xidmətin nüfuzuna müsbət təsir etməyəcək.  “Gələcəkdə hərbi xidmətə yollanmaq istəyən gənclər vəziyyəti anlayacaqlar. Nəticədə onların qulluq etmək üçün motivasiyaları da qalmayacaq. Qərara müsbət rəy verən deputatlarımız anlamalıdırlar ki, qələbəni Azərbaycan xalqına bəxş edən 1990-cı illərdən bu günə qədər cəbhədə qulluq edən hərbçilərdir. Millət vəkilləri həmin şəxslərin təqaüdlərini kəsiblər. Ehtiyatda olan hərbçilər arasında narazılıq yaradacağı şübhəsizdir”.   Ekspert hərbçilərə lazımi dəyərin verilmədiyini vurğulayıb: “Hərbçilərimizə qarşı yanlışlıqlara yol verilir. Gah müharibə iştirakçılarının 1 ildən çox müddətə siyahısını hazırlaya bilmirlər, gah medalları verib bitirə bilmirlər, gah da 80 manat təqaüdü 1 il yarım sonra ödəməyə başlayırlar. Yaralanan hərbçilərimizin necə dolandıqları ilə maraqlanan da yoxdur. İndi də təqaüdlərindəki 5-10 qəpiyi güdürlər”. 

Xanlar Əlibəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir