Zərifə Quliyeva: “Düşmən layiqli cavabını almaqda davam edəcək”

“İşğalçı Ermənistanın hətta humanitar atəşkəs dövründə özünün terror siyasətini davam etdirməsi artıq bu ölkənin qanlı, vəhşi məqsədini növbəti dəfə ortaya qoydu”. Bu fikirləri SİA-ya YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva sözügedən mövzu ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, Moskvada XİN rəhbərləri arasında 11 saat ərzində davamlı olaraq danışıqların aparılmasından sonra prosesi daha da mürəkkəbləşdirən düşmən artıq nə qədər həddini aşdığının fərqinə varmalıdır: “Qarabağ cəbhəsində 13 gün müddətində rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsinin – kəndlərimizin və bir rayon mərkəzinin azad olunması artıq sübut edir ki, düşmən son nəfəsini verir. Bu baxımdan, indi də dinc əhalimizin yaşadığı yerlərə – Gəncəyə, Mingəçevirə, Bərdəyə və s. ərazilərimizə raket zərbələri endirir, həmin vasitə ilə qorxu saçmağa cəhdlər göstərir. Lakin gördüyümüz kimi, xalqımız qətiyyən geri çəkilmir, əksinə bu ədalətli, haqlı mübarizədə Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin yanında olduğunu bəyan edirlər”.

“Əbəs deyil ki, artıq dövlətimizin başçısı xalqa müraciətində qətiyyətlə status-kvonun dəyişdiyini vurğulayıb”, deyə xatırladan Zərifə Quliyeva onu da bildirib ki, çünki ötən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Bu isə işğalçı Ermənistanı qane edirdi: “Belə olan halda haqlı tərəf olan Azərbaycan özü status-kvonu dəyişdi – torpaqlarımızı düşmən tapdağından azad etməsi ilə. Məsələn, qeyd edərdim ki, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti var və yağı, mənfur düşmən bundan hiddətlənməklə vəhşiləşir, bax bu cür xain terror əməllərinə əl atırlar. Əlbəttə ki, bunun əvəzində daha ağır zərbələri alacaqlar”.

Zərifə Quliyeva əlavə edib ki, bu gün dinc şəhərlərimiz bombalanarkən, raket zərbələrinə məruz qalarkən, ermənilərin humanitar atəşkəs rejimini pozmalarına, vətəndaşlarımızın öldürülməsinə, yaralanmasına yenə də göz yumanlar var: “Haradadır bəzi insan hüquq təşkilatları, demokratiya carçıları? Haradadır ATƏT-in Minsk qrupu, Avropanın təşkilatları? Niyə bu vəhşiliyə, hətta üstündən saatlar keçsə belə, hələ də susqun qalıblar?

Amma buna baxmayaraq, milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırır, düşmənin xain hücumlarına layiqli cavabların veriləcəyinə inanır. Eyni zamanda, Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar. Türkiyə, Pakistan, Əfqanıstan və s. qardaş ölkələr səsimizə səs verirlər.

Biz inanırıq və əminik ki, Ermənistan çox yaxın vaxtlarda təslim bayrağı qaldıracaq. Atıq baş verənlər sübut etdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi anti-insani, faşist simasındadırlar. Bu baxımdan, Ali Baş Komandanımız, cənab İlham Əliyev tərəfindən onlara verilən son şans dəyərləndirilmədi və düşmən layiqli cavabını almaqda davam edəcək”.

Rəfiqə HÜSEYNOVA / Sia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir