“Atam Şuşa həsrətilə dünyasını dəyişdi” – Deputat

“Sentyabrın 27-dən başlayaraq şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr ermənilərin yaratdıqları “məğlubedilməz ordu” mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Qarabağın azadlığı uğrunda, “Hər şey vətən üçün” şüarı altında birləşməyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Hər birimiz ilk gündən anlayırdıq ki, qələbəyə aparan yol Şuşadan keçir. Şuşanın işğaldan azad olunmasından sonra düşmənin belini qırdıq və gedişatında dönüş nöqtəsi oldu. Ali Baş Komandanın Şuşasız bizim işimiz yarımçıq qalar sözləri tarixi əhəmiyyətə malik idi. Çünki Şuşaya sahib olmaq Qarabağa sahib olmaq deməkdir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Fatma Yıldırım bildirib ki, Şuşanın işğal edilməsi Azərbaycan xalqını dərindən sarsıtmışdı, qürurunu qırmışdı. Eyni zamanda, neçə-neçə ziyalılarımızın bu dərdə dözməyərək vaxtsız dünyalarını dəyişməyinə səbəb olmuşdu:

“Onlardan biri o müqəddəs torpaqlarda dünyaya göz açan atam professor, f.r.e.d. Vidadi Əliyev idi. O, 8 may 1992-ci il tarixində bu dərdə dözməyərək iflic keçirdi, uzun illər ağır yataq xəstəsi oldu və Şuşanın həsrətilə dünyasını dəyişdi. Bu hadisə atamın müstəqil Azərbaycan dövlətinin elminin inkişafına verəcəyi töhfələrə mane oldu, çünki onun bir çox dünya əhəmiyyətli ola biləcək ixtiraları yarımçıq qaldı”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan işğal müddətində millətimizin hisləri ilə oynamağa çalışıb:

“Şuşa hər bir Azərbaycanlının döyünən ürəyidir. Ermənilər bunu bilirdi və hər dəfə alçaqcasına təxribatlara əl ataraq, sanki Azərbaycan xalqının ürəyinə xəncər sancırdı. Son illərdə təxribatlar artıq davamlı xarakter almışdı, ermənilər açıq-aşkar səbrimizlə oynayırdı. Separatçı rejimin rəhbərinin Şuşada andiçmə mərasiminin təşkil olunması,  Paşinyanın Cıdır düzündə acıq verərək sərxoş vəziyyətdə yallı getməsi,  abidələrimizin vəhşicəsinə dağıdılması, qondarma rejimin “parlamentinin” Şuşaya köçürmək istəyi, məscidlərimizdə donuz saxlanılması bütün bunların sübutu idi. Lakin düşmən bilməli idi ki, Azərbaycan xalqı qürurludur, mərddir və mütləq bütün təhqirlərə görə bir gün düşmənə layiqli cavab verəcəkdir. Elə də oldu. Şuşa azaddır. Nəhayət Şuşa torpağı dərindən nəfəs alır, çünki onun üzərində igid Azərbaycan əsgəri gəzir. 

Tarixən bu torpaqlar, xüsusilə Şuşa mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Şuşanı Azərbaycanın konservatoriyası adlandırırdılar. Bu da səbəbsiz deyildi. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun daim can atdığı möhtəşəm bir ünvan idi. Şükürlər olsun ki, ən böyük arzumuz gerçək oldu, Şuşa və digər ərazilərimiz işğaldan azad edildi. Biz Qafqazın incisi sayılan Şuşanı bəşəriyyətin qoruyacağı bir məkana çevirməliyik. Məlumdur ki, mənfur düşmənin hər zaman Şuşada gözü olub. Bundan sonra bir daha düşmənə fürsət verməmək üçün biz birlik olub Şuşanı elə dirçəltməliyik, elə  bərpa edib qorumalıyıq ki, xain qonşularımız məkrli niyyətlərini heç vaxt həyata keçirə bilməsin. Əminəm ki, möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şuşanın əzəmətini özünə qaytarmağa müvəffəq olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir