Birinci və İkinci Qarabağ savaşı

Ötən həftə Konflikt Jurnalistikası Məktəbinin qurucusu, “Dinc dünya” Araşdırma Mərkəzinin sədri, Birinci Qarabağ savaşının iştirakçısı, jurnalist Əlisafa Mehdi ilə konflikt jurnalistikası və ekstremal jurnalistikanın günümüzdəki durumu barədə həmsöhbət olmuşduq.

Söhbətin gedişində bəlli oldu ki, o, həm də çətin döyüş yolu keçib. İkinci Qarabağ savaşının davam etdiyi bu şərəfli günlərdə 90-cı illərin ağrı-acısını dilə gətirib paralellər aparmağı lazım bildik.

Bu söhbətimizdə bir savaş veteranının döyüş illərindən qalan xatirələrini oxucularımızla bölüşürük. 

***

– Birinci Qarabağ savaşı bizə illərin kədərini, acısını yaşatdı. İnsanlar uğurlardan, fərəhli anlardan danışmağı sevir. Yəqin siz də müsbət notlarda düşünüb danışmağı istərdiniz. Amma hər halda məğlubiyyətin də səbəbini araşdırmaq gərəkdir. Siz dövlətçiliyimizin bərkimədiyi, ordunun qurulmadığı, gözlənilən uğursuzluğun qaçılmaz olduğu zamanda savaşa getdiniz. O zaman universiteti bitirmişdiniz, jurnalist idiniz, işləyirdiniz. Amma siz döyüşə yollandınız və uzun illər döyüşdünüz. Yəqin getməyə də bilərdiniz…

– Yox, getməyə bilməzdim. 1992-ci ildə mənim 30 yaşım var idi. Universiteti bir il olardı bitirmişdim, ailə qurmuşdum, bir oğlum var idi. Amma buna qədər tələbə ikən Ağdərənin Xatınbəyli, Sırxavənd, Manik kəndləri istiqamətində ov tüfəngi ilə, tir tüfəngi ilə döyüşlərdə olmuşdum. Hələ tələbə ikən burdan ora yardımlar, ərzaq daşıyıb aparırdım və onda Qarabağ savaşının çox ciddi olduğunu, uzun illər davam edəcəyini anlamışdım. Bu, ermənilərin bizimlə 200 illik savaşının davamı idi. Bu prosesə qarşı durmaq gərək idi.

Universiteti bitirəndə zabit idim. Düşmən kənd-kəsəyi ala-ala gəlirdi. Döyüşə getməmək ən azı xəcalət idi. Hərbi komissarlığa getdim. Təlim briqadasına göndərdilər. Briqada komandiri polkovnik Nadir Bəxtiyarova məruzə edəndə ki, “ehtiyatda olan leytenant Mehdiyev döyüşmək üçün gəlmişdir” təəccüb elədi ki, bu dəqiqə biz “atla qovuruq, itlə tuturuq”, döyüşə aparmağa insanları yığa bilmirik, amma bu zabit özü gəlib, döyüşmək istəyir. Ona görə, məni birbaşa 2-ci taborun şəxsi heyətlə iş üzrə komandir müavini, yəni mayor vəzifəsinə təyin etdi. Təlimdən sonra Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Tərtər istiqamətində ağır döyüşlər keçdik.

Çox ağır döyüşlər gedirdi. Mən Birinci Qarabaş savaşında xüsusi döyüş yolu keçmiş 777-ci briqadanın 2-ci taborunun komandir müavini idim. Füzuli istiqamətində döyüşdə 9 kəndi geri aldıq. Daha ağır döyüşlərimiz Tərtərin Qapanlı, Nəmirli, Seysulan, Yarımca kəndləri istiqamətində oldu. Orada taborumuzun yarısını itirdik. Ağır idi, amma döyüş idi, arxada talanıb yandırılmamış vətən var idi. Beləliklə, 3 il 5 ay səngərdə oldum.

– Döyüşdünüz, düşmən öldürdünüz, yüzlərlə silahdaşınız gözünüzün önündə şəhid oldu. Məni maraqlandıran həmin psixoloji, situativ məqamlardır. Savaş nədir?! Hansı rəngdə görünür? Savaşın dadı varmı?

– Bilirsinizmi, yaralı əsgərə son anında özümü çatdırdım, məndən bir cümlə eşitmək istədi: “Komandir, necə döyüşdüm?” Dedim ki, “Əla, əla! Sən igidsən, sən qəhrəmansan!” Dedi ki: “Komandir, bu sözlərdən sonra ölmək olar!” Şəhid oldu… Bu, savaşın bir rəngi idi.

Özümü ağır yaralıya çatdırdım, dedi: “Komadir, ölmək istəmirəm, komandir, qoyma ölüm!” Dedim ki, “Sən ölməyəcən, yaşayacaqsan, biz döyüşəcəyik, biz irəli gedəcəyik”. Dedi ki, “Gedin, komandir, gedin, bağışlayın, gedə bilmədim!” Bu, savaşın başqa bir rəngi idi.

Lənkərandan Xoşbəxt adında bir əsgərim var idi. Elə bilirdim ki, o, ölməyəcək. Deyirdim ki, əgər atan sənə Xoşbəxt adın qoyubsa, sən qələbəmizi görəcəksən. Amma döyüşlərin birində Xoşbəxt ölümcül yaralandı. Ona dedim ki, “sən, doğrudan da, xoşbəxtsən, bu dünyanın ağrıları, əzabları daha sənin üçün yoxdur!” Bu da savaşın bir rəngidir. Bax, beləcə savaşa cürbəcür tərəflərdən yanaşmaq mümkündür.

Savaş hərgah bir dahinin dediyi kimi, pul yeyib üstündən qan içirsə də, həmin o millətin qanını təmizləyir, onun dizlərini yerdən götürür, millətlər içində yaşamaq haqqı olduğunu tanıdır. Savaş yenilikdir, incəsənətdir, ədəbiyyatdır, tarixdir. Savaş qürurdur. Savaş o ağrılardan, kədərlərdən yoğrulma, birləşmə, millət olma deməkdir. Savaş kişilərin döyüşüdür.

İlk nəğmələr döyüş üçün qoşulub, güclünü vəsf edib. İnsanları ova, sonra da savaşa aparıb. Uzun-uzun savaşlar qalib xalqın əxlaqını, quruluş strategiyasını, yaşam taktikasını formalaşdırıb. Bunu bacarmayanlar savaş əxlaqını bilməzlər, qəddar olarlar – ermənilər kimi. Niyə? Çünki onların savaş əxlaqı yoxdur.

Savaş ailə, törə, millət ocağını qoruyanları qorumaq üçün ərin, kişinin, oğulun, qardaşın gərəkli olduğunu, bütövlükdə bütün dəyərlərin qoruyucusu olduğunu bəlli etməkdir. Ona görə də, müharibəni əxlaqla apara bilən xalqlar gerçəkdən həm də ailə institutu formalaşdıra bilirlər, əks halda o toplum millət ola bilməz.

Savaşın mozaik dadı, qoxusu, rəngi var. Güllənin ayrı cür qoxusu var, qəlpənin ayrı cür, minaya düşmüş ayağın başqa bir qoxusu var, kontuziyanın başqa cür. Döyüş halında orqanizmin reaksiyası fərqli olur. Aclığın başqa bir dadı var. Olurdu ki, döyüşdə günlərlə çay içə bilmirdik, həftələrlə botinkamızı çıxartmırdıq. Bir dəfə suyu qaynadıb içmək imkanı tapdıq. O qaynanmış su bizə kompot qədər şirin idi, dadlı idi.

Savaş kimin üçünsə qorxudur, qırmızı rəngdir. Kimin üçünsə qara rəngdir, matəmdir. Amma savaşı duyanlar üçün bu, nə qaradır, nə də qırmızı. Bunun hamısı var savaşın içində. Onun yaşılı da var, göyü də var, çiçək rəngi də var. Düşməni dovşan kimi ovlayanda dodağında sevinc rəngi var! Qarşıdakı yüksəkliyi alanda qarşıdakı günəşin şəfəqinə sevinirsən. Bax, beləcə savaş sənə bir roman verir, poeziya verir, ədəbiyyat verir. Bunun nəticəsində mars qoşmaq istəyirsən, hayqırmaq istəyirsən, “Mən varam”, “Mən möhtəşəm bir millətəm, möhtəşəm bir irqəm, mən layiqəm” demək istəyirsən. Bu, savaşın əvəzsiz dadıdır.

– Birinci Qarabağ savaşında döyüşçülərimizin möhkəm iradəsinə baxmayaraq düşmən yurdumuzu işğal elədi. Əzmə, iradəyə baxmayaraq, sizin, yəni o zamankı döyüşçülərin ölkəmizin ərazi bütövlüyünü qorumağa gücü çatmadı. Nə vaxtsa döyüşdüyünüzə görə peşmançılıq hissi keçirdinizmi?

– Yox. Birinci Qarabağ savaşında biz orqanizmimizin bir hissəsini itirmişdik. Hesab elə ki, ölkənin bel kəməri açılmışdı. Bağlamağa gücümüz çatmadı, atəşkəs elan edildi. Bunun konkret səbəbləri var idi. Biz neçə onilliklər əvvəl itirdiyimiz dövlətçiliyimizi yenidən qururduq. Ordu da yeni qurulurdu, savaş peşəkarlığı qazanılmamışdı. Bu prosesdə məğlubiyyət anlaşılan idi.

Amma Birinci Qarabağ savaşında, o qədər çatışmazlıq içində edilmiş qəhrəmanlıqlar bizdə yenidən qalxınmaq iddiaları aşıladı. Biz canımızın qalan hissəsini də bərpa etməli idik. Birinci Qarabağ savaşında edilmişlər bizi İkinci Qarabağ savaşına qədər formada saxladı. Atəşkəs dövründə ordumuz daimi döyüş durumunda oldu. Biz o vaxt itirdiklərimizin səsinə, yəni o vaxt şəhid olanların ruhunun çağırışına getməli idik və ona bu qədər hazırlaşdıq. Əgər Birinci Qarabağ savaşında biz o cür döyüşməsəydik, o zərbələri, acıları yaşamasaydıq, İkinci Qarabağ savaşına hazırlaşa bilməyəcəkdik.

Biz atəşkəsdən keçən 26 ili səngərdə olduq. Buna təmas xətti, status-kvo dedilər. Həmin o təmas xəttində biz üzü düşmənə baxdıq, çəkilib qıraqda oturmadıq, hazırlaşdıq. Birinci Qarabağ savaşında biz ilk dəfə idi döyüş əməliyyatları qururduq. Yəni bizim atalarımız, atalarımızın atası Dövlət statusunda Vətən uğrunda döyüşməmişdi. 1828-ci ildən sonra vətən uğrunda döyüş ənənəsi unudulmuşdu. Təbii ki, qarşı tərəf güclü idi, bizə qarşı ciddi şəkildə artilleriya, zirehli texnika çıxardırdı. Unutmaq olmaz ki, biz düzənlikdə döyüşmürdük. Qarabağın hər dərəsi, hər qayası bir səngərdir. Bu coğrafiyanı keçib qalib gəlmək üçün çox ciddi hazırlıq gərək idi. İkinci Qarabağ savaşı bizə o hazırlıq şansını yaşatdı. Amma təəssüf ki, biz o vaxtki döyüşləri dondurandan sonra illəri itirdik, savaşı balalarımızın taleyinə buraxdıq. İkinci Qarabağ savaşını keçənlər bu gün daha çox ona ağrıyırlar ki, biz qalibiyyəti balalarımıza gətirmədik, indi balalarımız döyüşür, şəhid olur, övlad acısı yaşayırıq.

Sosial mentalitetimiz Vətənin hər şeydən öndə olmasını diktə edir. Oğul gerçəkdən şirindir. Oğuldan vaz keçmək ağırdır. Ancaq bu, Vətəndən vaz keçmək deyil, balanı özünlə əvəzləşdirmək istəyidir. Yəni mən etməli idim, mən ölməli idim. Vətəni qorumaq mütləqdir. Amma birinci mən ya qazi, ya da şəhid olmalıydım ki, bala dərdin görməyim. Mən etməli idim bunu. Birinci Qarabağ savaşının bu illər boyu dondurulması, səngərdən geri qayıtmağım mənə bu təəssüfü, kədəri vermişdi.

Əslində, babamızın babasının babası dövlətçilik sütunlarını yıxanda nəvəsinin, nəticəsinin, kötücəsinin şəhidliyinə fərman vermişdi. Bundan sonra bu sütunlar yıxılmamalıdır.

– Artıq İkinci Qarabağ savaşı gedir. Həm torpaqlar geri alınır, həm də qisas alınır. Şərəf tarixi yazılır. Birinci Qarabağ savaşı ilə müqayisə edək…

– Müqayisə ediləsi çox şey var. O vaxt bir etinasızlıq var idi. Biz döyüşürdük, amma 15-20 kilometr arxada toy çalınırdı, qol götürüb oynayırdılar.

Ən dəhşətlisi… Yaralanırdım, çıxırdım yola, heç bir maşın saxlayıb məni götürmürdü. Arxadakılar səngər üçün biganə idilər. Döyüşə aparmaq üçün küçələrdən uşaqları zorla tutub avtobusa basırdılar. O uşaqları gətirirdilər, biz onlara silahla davranmağı – doldurmağı, hədəfləməyi, bir sözlə, atış hazırlığı keçirdik. Amma indi könüllü yazılanların sayı üç yüz mini keçib. Hərbi komissarlıqda döyüşə getmək üçün dava edirlər.

Biz Birinci savaşdan İkinci savaşadək çox gərəkli milli kultivasiya prosesi keçdik, müqayisədə bizim milli özünüdərk şkalası yüksəldi. Bizi kədər birləşdirdi, düşmənə qəzəb yoğurub yapdı və bugünkü savaşlara apardı. Sentyabrın 27-də ermənilər bizə qarşı ilkin olaraq 22-25 minlik ordu çıxartmışdılar. Amma Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu çıxartdı. Yəni bu gün mətbəxdə analar da döyüşürlər. Bu gün marginal alverçisindən qatı rüşvətxoruna qədər hamı döyüşür. Ona görə də biz İkinci Qarabağ savaşını qazanırıq. Fərq budur.

– Siz sonralar Konflikt Jurnalistikası Məktəbini qurdunuz…. Döyüşdüyünüz o illər sizə yardımçı oldumu?

– Mən həm jurnalistəm, həm də döyüşçü. Unutmayaq ki, məlumatsız cəmiyyət kordur, təhlükəlidir. Vətəndaş baş verənlərin hamısını bilməlidir ki, seçim edə, qərar verə bilsin. Düşmənlə, dostla münasibətini ayırd edə bilsin. Bütün döyüşlərin hamısı sənədləşdirilsin, arxivləşdirilsin deyə, insanlara görk olsun deyə, jurnalistika ilə hərbin bir ortağını qurmaq istədim və beləliklə, Konflikt Jurnalistikası Məktəbi yarandı, jurnalistlərə ekstremal vəziyyətdə davranmağı, savaşın nə olduğunu öyrədirik, səngər, poliqon təlimləri keçirik ki, onlar döyüşçü ilə ünsiyyət qura bilsinlər və həmin o anları tarixləşdirsinlər. Bu qədər.

Nadir RZALI

525.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir