Şöhrət Eyvazov – Hərbi jurnalist, Qarabağ müharibəsi veteranı.
Həmişə dövlətimizin ədalətinə inanmışam. Hansısa məmurların bunun əksini var qüvvələri ilə sübut etmək cəhdlərinə və qabiliyyətlərinə baxmayaraq…
Vətəndaşın arzusudur ki, “Dövlət və Ədalət” anlayışları arasında “və” bağlayıcısı yox, “bərabərlik” işarəsi qoyulsun. Əslində hər bir vətəndaşın yox. Çünki, əgər özünüzə saxta “əlillik” düzəltmək istəyirsinizsə, qırmızı işıqda keçməyin cəriməsini ödəməmək üçün yol polisinə “şirinlik” təklif edirsinizsə, bu bərabərlik sizə maneçilik törədəcəkdir.
1993-cü ildə Azərbaycan Texniki Universitetinin bitirəndə 22 yaşım vardı. Azərbaycan Milli Bankında möcüzə şəklində tapdığım işdə cəmi bir neçə ay işləyəndən sonra yarımçıq qoyub zabit kimi könüllü olaraq Qarabağ döyüşlərinə yollandım.
Tərtər-Ağdərə istiqamətində cəbhə bölgəsində ön xətdə xidmət elədim. Artilleriya batareyasının idarəetmə tağım komandiri olaraq Çaylı kəndi istiqamətində verdiyim koordinatlarla vurulan tankın mukafatını başqası aldı. Atəşkəs dövründə batareya komandiri olaraq keçirdiyim məşğələyə əvvəlcə “briqada yox, korpus səviyyəsində 1-ci yerə layiqdir” dedilərsə də, sonradan 3-cü yerə “layiq görüldü”. Birinci yeri isə yoxlamanı yola salanda “yağlı qonaqlıq” verən başqa yoldaş “aldı”…
(Hərbi xidmətdə olmayanlar haqqımı niyə tələb etmədiyimin səbəbini hərbi xidmətdə olanlardan soruşa bilər)
Tərxis olunan vaxtı zabit kimi almadığımız əşya və ləvazimatların əvəzinə bizə “paltar pulu” deyilən kompensasiya düşürdü. “Diribaş” bir tanışım dedi ki, “yarı -yarıya” prinsipi ilə bu pulu almağıma kömək edə bilər. O cür istəmədim, 5 ilə güc-bəlayla aldım, həmin pulun dəyəri 2 dəfə düşəndən sonra.
Hərbi xidmət dövrümdə çıxmadığım məzuniyyətlərə görə 8 min manat (o vaxt üçün 10 min dollar) pul düşürdü, onu da yenə “qanuni” yolla almağa cəhd elədim. 17 il sonra ala bildim, dəyəri 3-4 dəfə ölmüş şəkildə. (Təkcə manatın devalvasiyasına görə 2 dəfə düşmüşdü)
Müharibədə olanda torpaq islahatı aparılmışdı kəndimizdə. Mənə 2 pay düşməli olduğu halda, “yaddan çıxmışdım”. Ədalətin bərpası üçün 2008-ci ildə Gəncə İqtisadi məhkəməsinə müraciət elədim. Hakim dedi ki, “15 il keçib, torpaq iddiası qaldıra bilməzsən”. Dedim ki, “Bəs Qarabağın da işğalından 15 il keçib, verək ermənilərə?” Adını unutduğum ermənisifət hakim cavab verdi ki, “Axı, Qarabağı elə o vaxtdan istəyirik, sən isə, 15 il sonra gəlmisən, daha gecdir”. İkiqat pay torpaq da belə getdi.
Ədalətin bərqərar olduğu hallardan da yazmasam olmaz. Belə ki, ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” , “Silahlı Qüvvələrin 90 illiyi” və “Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə təltif olunmuşam.
50 yaşındayam və 14 ili cəbhə bölgəsində olmaqla 20 illik jurnalist stajım var. AMEA-nın Fəlsəfə İnstitunun dissertantıyam. Aprel döyüşlərində və 44 günlük savaşda İnformasiya cəbhəsində mən də bacardığımı eləmişəm. 30 ilə yaxındır ki, 5 illik fasilə ilə bəzilərinin “cərimə bölgəsi” hesab etdikləri, əslində ŞƏRƏF bölgəsi olan Qarabağ bölgəsindəyəm .
2008-ci ildən Bakıda I növbəlik üzrə ev növbəsindəyəm. Müxtəlif qurumlara evlə bağlı müraciətlər eləməkdən yorulmuşam. Jurnalistlərə axırıncı dəfə ev veriləndə ədalətli qərara çox ümidli idim. Demişdilər ki, Qarabağ müharibəsi veteranlarına üstünlük veriləcək. Verilmədi.
Dövlətimizin ədalətinə inanıram. Hansısa məmurların bunun əksini var qüvvələri ilə sübut etmək cəhdlərinə və qabiliyyətlərinə baxmayaraq.
Şöhrət Eyvazov – Hərbi jurnalist, Qarabağ müharibəsi veteranı.