Publika.az Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, COJEP Beynəlxalq Təşkilatının Mərkəzi Asiya ölkələri üzrə Koordinatoru Nüşabə Məmmədovanın müsahibəsini təqdim edir:
– Bu gün Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur. Buna görə də biz birgə fəaliyyət göstərməliyik. Bu baxımdan keçirilən tədbirin xüsusi əhəmiyyəti var və sizcə, bu nədən ibarətdir?
– Türk Şurası 12 ildir fəaliyyət göstərir və dünyanın siyasi sistemində önəmli bir platformaya çevrillməkdədir. Müasir dünyada baş verən siyasi proseslər gedişində regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi; kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi; hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə qarşıda olan vacib məsələlərdəndir.
Uzun illərdir Türk Şurasının üzv ölkələrlərinin hər birinə qarşı təxribat xarakterli informasiya savaşı aparılır, Artıq bu kimi dezinformasiyalar siyasi kampaniya xarakteri alıb. Dünyanın güclü dövlətlərinin qanunvericilik orqanlarına, parlament, senat səviyyəsində gündəmə çevrilməkdədir. Əlbəttə, Azərbaycan vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları bu kimi dezinformasiyaların qarşısının alınması, saxta məlumatların ifşa edilməsi, həqiqətlərin beynəlxalq səviyyədə işıqlandırılması istiqamətində müəyyən dərəcədə fəaliyyət göstərirlər. Bu qənaətbəxş deyil, dünya mediasında mövqelərimizin möhkəmləndirilməsi üçün Türk Şurası üzv dövlətlərinin vətəndaş cəmiyyəti institutları olaraq birgə fəaliyyət göstərməliyik. Bunun üçün beynəlxalq səviyyədə tanınmış kifayət qədər təşkilati resurslarımız var. Daxili və beynəlxalq güclərimizin birləşdirilməsi, bir araya gətirilməsi baxımından aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı mühüm əhəmiyyət kəsb edir və gələcək fəaliyyətimizə töhfə verəcək.Ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərimizin daha da inkişafı, ortaq tariximizin, tarixi türk mədəniyyətinin dünyaya tanıdırlması, həmçinin ölkələrimizlə bağlı həqiqətlərin beynəlxalq arenaya çatdırılmasını müəyyən edən yol xəritəsinin hazırlanması baxımından mühüm əhəmiyyətli olacaqdır.
– Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrini dağıdıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması vacibdir. Bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyəti hansı önəm daşıyır.
– Ermənistanın 30 il işğal altında saxladğı torpaqlarımız, həmçinin Azərbaycan tarixi torpaqlarımız olan İrəvana, Zəngəzur, Zəngibasar və digər ərazilərə kütləvi erməni köçürülmələrinin nəticəsi olaraq, 200 illik dövrdə davamlı yerli türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə siyasəti, xarici havadarlarının dəstəyi ilə erməni nasist-terrorçu təşkilatlarının başlıca hədəfi, sonralar Ermənistanın dövlət siyasətinə çevrildi. Son olaraq 30 il bundan öncə tarixi İrəvan torpaqlarımızda və işğal edilmiş ərazilərdə yaşayan yerli azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləmə nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatına məhkum edildi. Monoetnik Ermənistan hökuməti Azərbaycan mədəni irsinin izlərini, maddi-mədəniyyət abidələrimizi talan və məhv etməklə yanaşı, türk tarixi toponimlərini, yer adlarını tamamilə dəyişdirdi, qədim türk toponimlər erməni adları ilə əvəz edildi. İrəvanda Göy Məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidi və digər 300-dən çox məscid Ermənistan monoetnik dövlətinin faşist siyasəti nəticəsində məhv edildi, adları və ya istifadəsi dəyişdirildi. Ermənistandakı Ağadədə, Güllübulaq, Saral kimi 500-dən çox Azərbaycan türk-müsəlman qəbiristanlığı dağıdıldı. Göyçə mahalında doğulan və dəfn olunan Aşıq Ələsgərin qəbri dağıdıldı. Azərbaycan Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş məzar daşının sökülməsi bir daha Ermənistanın ümumbəşəri dəyərləri tanımadığını göstərir.
II Qarabağ müharibəsində yaşayış məskənlərinin, ağ fosfordan istifadə edilməklə meşələrin yandırılması, fauna və floranın məhv edilməsi, işğal faktorundan istifadə edərək Azərbaycan ərzisində qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş nadir nümunələrin Ermənistana daşınılması, Azərbaycanın maddi-mədəni irsinin talan edilməsi barədə faktlar və digər cinayət faktlarıın dünyaya çatdırılmasına və ölkələrimizdə genişmiqyaslı təbliğinə böyük ehtiyac vardır. Eləcə də digər Türkdilli ölkələrin tarixndə baş verən tarixi hadisələrin təbliğı bizim üçün vacibdir. Bütövlükdə isə, bütün ortaq tariximizin, milli-mənəvi dəyərlərimizin, tarixi mədəniyyətimizin, həqiqətlərin beynəlxalq təbliği qarşımızda başlıca məqsədlərdən biri olmalıdır.
– Türkdilli ölkələr arasında informasiya təminatının yaradılması nə üçün vacib hesab olundu?
– Dünya media çapında uzun illərdir Türk Şurasının üzv ölkələrlərinin hər birinə qarşı təxribat xarakterli dezinformasiyalar yayılmaqdadır. Bir çox hallarda bu kimi saxta informasiyalar siyasi kampaniyaya çevrilir. Qeyd etdiyimiz kimi, hətta dünyanın güc dövlətlərinin qanunvericilik orqanlarına, parlament, senat səviyyəsində gündəmə gətirilir. Bu kimi informasiya təxribatlarının və digər təxribatların qarşısının alınması üçün Türk Şurasının üzv ölkələrlərinin beynəlxalq səviyyədə media şəbəkəmiz olmalıdır. Biz bu zərurətin 44 günlük Vətən müharibəsində şahidi olduq. Qardaş Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Erdoğan başda olmaqla bu ölkənin ən yüksək rütbəli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Azərbaycana qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları Azərbaycanın haqq müharibəsini bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibəsində bildirdi ki, “Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi: “Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilib və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın… Sadəcə, deyirik ki, bizə dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır”.
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bir örnəkdir. Bu münasibətlərin digər türkdilli ölkələrimiz və xalqlarımız arasında dünyaya örnək olaraq gətirilməsində Türk Şurasının, Türk Şurası media platfomasının daha güclü formada hərtərəfli, bütün sahələri əhatə edən fəaliyyəti vacib əhəmiyyətli olacaqdır.
– Türk Şurasının artıq dünyada önəmli bir platformaya çevrilib və bugünkü dünya 12 il əvvəlki dünya deyil, amma Türkiyəyə qarşı təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim türk dünyası olaraq birlikdə olmağımız nə dərəcədə zərurətdir və bu, hansı tələbdən irəli gəlir?
– Bu gün Türkiyəni təhdid etməyə “can atanlar”, bilməlidirlər ki, bugünkü dünya 12 il əvvəlki dünya olmadığı kimi, Türkiyə də 12 il bundan əvvəlki Türkiyə deyil. Türkiyənin hərbi və digər bir çox sahələrdə qazandığı uğurlar gündən-günə artmaqdadır. Əlbəttə, bu yüksəliş bəzi güclərdə narahatlıq yaradır. Türkiyəyə qarşı təhdidləri artırmağa çalışırlar.
Türkiyə dünyanın müxtəlif regionlarında sülhü təmin edən böyük güc dövlətidir, həm regional, həm də qlobal miqyasda etimad və sülhün qarantıdır. 70 ilə yaxındır NATO Hərbi Alyansına əhəmiyyətli fəaliyyəti ilə töhfə verməkdədir. Ötən il NATO-nun baş katibi Yens Stoltenberq çıxışlarının birində bildirdi ki, “Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvüdür. Orta Şərqdəki sabitsizlik, zorakılıq və qarışıqlıqdan ən çox təsirlənən və terror hücumlarına məruz qalan müttəfiq ölkə Türkiyə olub. NATO üzvlüyünün ildönümündə Türkiyəyə alyansa olan qiymətli və davam edən dəstəyi üçün təşəkkür edirəm. Türkiyə NATO-nun güclü və əhəmiyyətli üzvü olmaqdadır”. Türkiyənin siyasi və hərbi gücü sayəsində İŞİD kimi terroçu elementlərə ciddi zərbə vurulub. Türkiyə Balkan, Qafqaz və Avropa da daxil olmaqla bir çox regionda sülh və sabitlik naminə böyük səylər göstərməkdədir. Türk Şurası üzv ölkələri olaraq PKK, YPG, İŞİD, FETO kimi terror qruplaşmalarının gizli-aşkar fəaliyyətinə qarşı birgə mübarizə, o cümlədən informasiya mübarizəsini aparmaq üçün səylərimizin birləşdirilməsinin zamanıdır. Bu, Türk Şurasının əhəmiyyətini daha da artıracaqdır.