Ağ damı qalmayan Ağdamımız… ALƏM CƏNNƏTƏ DÖNSƏ DƏ, YADDAN ÇIXMADI QARABAĞ

Aləm cənnətə dönsə də, Qarabağ yaddan çıxmadı heç bir zaman. İllərdir başı dumanlı dağlar,  söndürülmüş  ocaqlar, bir damcı suya həsrət qalan ağaclar oxudu Qarabağ şikəstəsini. Bəlkə də bu, Qarabağın on illiklərə söykənən  harayı idi.

Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından azad etdi. Bu gün bir-birindən gözəl, əsrarəngiz diyarlarımızı, Ağdamı azad görmək bizim üçün tarixi hadisə olmaqla yanaşı, sözlə ifadəsi mümkünsüz bir  hissdir…!

Ancaq unutmamalı olduğumuz bir tarix var – 23 iyul 1993-cü il. Yoxluğu ilə heç vaxt  barışmadığımız Ağdamın azğın, bütün alçaqlıqların məcmusu olan düşmən – erməni qəsbkarları tərəfindən işğal olunduğu, 128 mindən çox  ağdamlının öz yurdundan ayrı düşdüyü o ağrı-acılı  gün.

27 il uzaqdan baxdıq doğma torpağımıza…

Bu gün isə biz Ağdamdayıq!

Amma hər zaman qaynar həyatın olduğu, zəhmətkeş insanların qurub-yaratdığı  Ağdamdan əsər-əlamət qalmayıb. Erməni işğalçıları 27 ildə mülki əhaliyə məxsus evləri, bütün infrastrukturu, tarixi, dini, mədəni abidələrimizi vəhşicəsinə dağıdıb. Məhz ona görə “erməni xisləti” deyəndə ağla ilk gələn sinəsinə dağ çəkilmiş yurdumuz olur.  Ağdamdan qalan, sadəcə, uçuq divarlardır. Yerlə-yeksan olunmuş şəhərdə bir də Cümə Məscidinin qoşa minarələri salamatdır. Bəlkə göylərə ucalan qoşa minarələr Ağdamın başına gələn müsibətlərə şahidlik etmək üçün salamat qalıb…

İşğaldan azad olunandan sonra Ağdamı, hər daşı tarix olan o yerləri ziyarət edənlərin təəssüratlarını öyrənmək istədim. Gördükləri  dəhşətli mənzərəni sözlə ifadə etməkdə çətinlik çəkdilər. Çünki erməni vandallığının söz qarşılığı yoxdur! Mənfur düşmən illərlə terror törətdi torpaqlarımızda. Ancaq bir  məqamı – Azərbaycan xalqının mərdanəliyini, döyüşkənliyini, torpağa, Vətənə bağlılığını, sarsılmaz olduğunu unutdular! Heç nə bizi sarsıtmadı, sarsıda bilmədi və bir olub cəmi 44 günə Qarabağımızı azad etdik. —

İşğaldan azad olunan andan gözlərimiz səbirsizliklə Ağdamın görüntülərini axtardı…

Budur görüntülər… İzlədikcə boğazımızda düyünlənmiş illərin həsrəti göz yaşına çevrilib yanaqlarımıza süzüldü… Açacağımız nə bir qapı var, nə də xatirələri oyadacaq olduğu kimi olan bir nişanə… Yerlə-yeksan edilmiş, bir dənə ağ damı qalmayan Ağdamımız… Nə qədər ağırdır səni bu görkəmdə görmək.  Amma yenə qucağına qaçmaq istəyirəm, ana torpaq! Bu qədər ağrı-acının qarşısında necə də məğrur, qürurlusan, Ağdamım mənim!

Qarabağımız işğaldan azad olunduqdan sonra bütün dünya Azərbaycanın gücünün şahidi oldu,  düşmənin törətdiyi  vandalizmi gəlib öz gözləri ilə gördülər.

Artıq Ağdam şəhərinin baş planı hazırdır.  Bu tarixi sənəd xalqımız üçün çox əlamətdar gündə – “28 May – Respublika Günü”ndə cənab Prezidentimizə təqdim olundu. Daha bir tarixi günə şahidlik etdik– şəhərin bərpasının təməl daşı qoyuldu. Beləliklə, Böyük Qayıdışın Ağdam ünvanı hərəkətə gəldi. Ağdama, işğaldan azad olunmuş diyara qayıdırıq, dostlar! Bundan qürurlu, bundan sevincli hiss nə ola bilər?..

Tarix yazan, hər qarışı müqəddəs Qarabağımızı mənfur düşməndən xilas edən Ordumuz var olsun! Torpaqlarımızın hər qarışını qanı ilə suvaran Şəhidlərimizin ruhu qarşısında baş əyir, Qazilərimizə şəfa diləyirik.

Bu gün biz gənclərin üzərinə çox böyük vəzifələr düşür: gücümüzü birləşdirib, Qarabağın inkişafı üçün  daim çalışmaq! Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan gəncliyinə etimadını hər zaman doğrultmalıyıq.

Birlikdə, Azərbaycanımızın inkişafı naminə irəli və yalnız irəli!

Qarabağ – doğma  Azərbaycanımızın döyünən ürəyi!

İllərlə  səndən bəhs edəndə, danışanda, görüntülərini izləyəndə gözlərimiz dolur, o yerlərdə yalnız xəyalımız dolaşırdı. Amma bu gün xəyallarımızın  gerçəkləşdiyi gündür.  

Çünki biz Qarabağdayıq…

Ağdam rayon sakini,  Nəsirli Fidan Elbrus qızı,Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir