Professor Leyla Gərayzadə: “Rusdilli oxuculara yeni töhfə”

Martın 4-də Moskvada yaşayan Azərbaycan ziyalıları, ədibləri, iş adamları və yerli rusdilli alimlərin iştirakı ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli və Moskva Beynəlxalq Əlaqələr İnstitutunun professoru filologiya elmləri doktoru Abuzər Bağırovun həmmüəllifliyi ilə işıq üzü görmüş “Azərbaycan Turanın incisidir” adlı kitabın təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan Rusiya Notariusları Assosiasiyasının yaradıcılarından biri və ilk prezidenti Natiq Ağamirov kitabın qeyri-Azərbaycan auditoriyası üçün çox vacib bədii vəsait olduğunu qeyd edib. Tədbirdə azərbaycanlı ziyalılarla yanaşı kitab haqqında fikirlərini bölüşən rusiyalı alimlər iki qonşu ölkə arasındakı münasibətlərin, dostluq əlaqələrinin çox qədim dövrlərə aid olduğunu vurğulayıblar. 
Kitabın redaktoru şair, prozaik, “Literaturnaya qazeta”nın baş redaktorunun müavini Anastasiya Yermakova çıxışında qeyd edib ki, bu gün təqdim olunan kitab bir daha sübut etdi ki, Azərbaycan və Rusiya xalqlarının ədəbiyyatı, incəsənəti, musiqisi iki millətin, iki qonşu dövlətin qarşılıqlı və səmimi dostluq münasibətlərinin qarantı kimi müasir dövrdə də öz mühüm əhəmiyyətini qoruyub-saxlayır. 
Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatından başlayaraq müasir dövrümüzə qədər poeziya əsərlərinin rus dilinə tərcümə edilmiş nümunələri təqdim olunub. Kitab yeddi bölmədən ibarətdir. Birinci bölmədə uzun illər şeirləri “Literaturnaya qazeta”da dərc olunmuş Azərbaycan əsilli Moskva şairlərinin əsərləri yer alıb. İkinci bölmədə poetik folklor irsindən, bayatılardan, başlamış ritual şeir və mahnılara qədər seçilmiş ədəbi nümunələr verilib. Üçüncü bölmədə Azərbaycan aşıq poeziyasının inciləri yer tutur. “Dədə Qorqud” dastanından başlayaraq XX əsrdə yaşayıb-yaratmış Aşıq Şəmşir poeziyasına qədər  aşıq sənətinin müxtəlif janrlarında olan əsərlər oxucuların diqqətinə çatdırılır. Dördüncü bölməyə Azərbaycan klassik poeziyası, beşinci bölməyə orta əsrlər poeziyası, altıncı bölməyə Azərbaycan realist poeziyası, sonuncu, yeddinci bölməyə isə milli-vətənpərvərlik poeziyasının inciləri daxil edilib.
Kitabda əsas diqqət çəkən məqam Azərbaycan ədəbiyyatınının incilərini tərcümə edər rus şairləri haqqında qısa məlumatların verilməsidir.
Monoqrafiya-antologiya üslubunda hazırlanmış kitab rusdilli oxuculara təqdim edilən ən maraqlı kitablar silsiləsində xüsusi yer tutacaq qədər dəyərlidir. Çünki son məlumatlara görə, Rusiyanın böyük şəhərlərində belə Azərbaycan ədəbiyyatına dair kitablar çox azdır. Hazırda kitab Moskvanın “Moskovskiy dom kniqi”, “Biblioqlobus”, “Moskva” və digər böyük kitab mağazalarında satışa verilib. Kitabı həmçinin internet kitab mağazaları şəbəkəsində də əldə etmək mümkündür. 
Bu gün rusdilli auditoriyaya təqdim edilmiş kitabı oxuyan hər bir qeyri-azərbaycanlıya – başqa millətlərin nümayəndəsinə xalqımızın qədimliyini, onun zəngin milli dəyərlərə malik olduğunu sübut etməyə ehtiyac qalmır, çünki ədəbiyyat hər bir xalqın tarixinin mühüm bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir