Leyla Gərayzadə,
BDU-un professoru
2016-cı il aprel ayının əvvəllərində Ermənistan ordusu Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdu. Azərbaycan ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının qoşunlarının təmas xəttində törətdikləri silahlı təxribatların qarşısını aldı.
Ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi,Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz deikləri səngərləri – “Ohanyan səddi” haqqında mif alt-üst edildi.
Bu döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə və Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması təmin edildi.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir:
“Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir”.
Aprel döyüşləri ordumuzun necə böyük bir potensiala malik olduğunu bir daha göstərdi. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsi oldu. 2020-ci ilin sentyabrın 27-sində başalayan və 44 gün davam edən II Qarabağ müharibəsi isə xalqımızı gözlədiyimiz Zəfər sevincini gətirdi.
Rəsmi Azərbaycan bəyan edirdi ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır. 44 günlük müharibə bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa etdiyini göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik və hərbi uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən də kənarda qalır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən asılıdır.
Aprel döyüşləri və 44 günlük müharibə isə bir daha sübut etdi ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək.